XƏYALIN

 

Atdı məni gecələrin qoynuna,
Durub xəyallara daldı xəyalın.
Hərdən o qırxıncı otağa girdi,
Hərdən yad qapıda qaldı xəyalın.

Məni kiçiltdikcə özü irildi,
Məni öldürdükcə özü dirildi.
Gerçək kimi, həsrətimə çevrildi,
Qəlbi yüz müşkülə saldı xəyalın.

Ocaq çatdı vurdu məni odlara,
Qısqandırdı sevilənə, şadlara.
Oxşadı yağıya, döndü yadlara.
Düşmən kimi qisasa aldı xəyalın.

Arzularım gözlərimdə qalsa da,
Sənsizlyim məni məndən alsa da.
Hərdən ölüm verən zəhər olsa da,
Hərdən pətəkdəki baldı xəyalın.

Rəhimliyəm, qəlbim boyda dünyayam,
Kİmisinə yükəm, kiminə payam.
Çox düşündüm, səninəm ya tənhyam,
Gördüm ki, elə xəyaldı xəyalın.

Müəllif: Aygun Rehimli
www.kafiye.net