Gəlin Sizə Nağıl Deyim……..

 

Gəlin sizə nağıl deyim,
Bu nağılın adı doğru.
Nə istəsən görəcəksən,
Xain, paxıl, alçaq, oğru.
Gəlin sizə nağıl deyim………

Elə nağıl ki, sonu yox,
11 manat maaşından,
Evə gələndə 10-u yox.
Gəlin sizə nağıl deyim………

Ayaqlı sürünənlərdən,
Qazanmağı utanc bilən,
Əl açıb dilənənlərdən.
Gəlin sizə nağıl deyim……..

Əlibaba, qırx quldurdan,
Oğrulardan, cibgirlərdən,
Kişi adın alçaldaraq,
Gecə çöldə gəzənlərdən.
Gəlin sizə nağıl deyim………

Firon tapan çağalardan,
Torpaqdakı dığalardan,
Onlardan çox harınlayan,
Pullu -“haqlı” ağalardan.
Gəlin sizə nağıl deyim……….

Küpəgirən qarılardan,
Xaricdəki sonalardan,
Doğmağı analıq sayan,
Doğub, atan analardan.
Gəlin sizə nağıl deyim………

Qara vəzirdən, xanlardan,
Xəyanətdən, yalanlardan,
Bircə qarın yemək üçün,
Zalıma alçalanlardan,
Gəlin sizə nağıl deyim………

İllərlə iş gəzənlərdən,
Ölümü son çarə bilib,
Ümidini üzənlərdən.
Gəlin sizə nağıl deyim………

Əsir tək çürüyənlərdən,
Ata ana qatilindən,
Gözün qan bürüyənlərdən
Gəlin sizə nağıl deyim………

Sehirbaz, rəml atanlardan,
Gözə sırğa taxanlardan,
Quranı bütə çevirən,
Ya da, fala baxanlardan.
Gəlin sizə nağıl deyim………

Həkim baba, loğmanlardan
Pulu şöhrət sayanlardan,
Min xəstəlik icad edib,
Bu milləti soyanlardan.
Gəlin sizə nağıl deyim………

Həccə gedən tülkülərdən,
Soyundurub üryan qoyan,
İstilərdən, bürkülərdən.
Gəlin sizə nağıl deyim……….

Mər-mər çərhovuz, məhlədən,
Sabah nə yeyəcəm deyən,
Əli qabarlı fəhlədən.
Gəlin sizə nağıl deyim……….

Heç baxmayın yaşımıza,
Sonda alma əvəzinə,
Daş düşəcək başımıza.
Kaş dediyim bu nağıllar,
Nağıl tək qalan olaydı,
Kaş ömründə bircə dəfə,

Bu nağıl yalan olaydı,
Dedim, doğrunu tapasan,
Nağıl demədim, yatasan,
Heç belə də, nağıl olar?
Rəhimli, vallah xatasan…

Müəllif:Aygün Rəhimli
www.kafiye.net