Yolum Kəsişər.

 

Bu dünyanın çoxu sudur,
Bəlkə elə sirri budur?
Ədalətin qanunudur,
Quyu qazan, özü düşər.

Gözüm, sevməyənə baxma!
Su tək, hər tərəfə axma.
Ocaq çatıb, ürək yaxma,
Öz qəlbin ocaqda bişər.

Hər başlayan bitməlidir,
Qul, qulluğun etməlidir,
Gələn bir gün getməlidir,
Belə yaranıbdır bəşər.

Məni yara apar, külək!
Bəlkə ölmədən sevilək!
Elə sonluq yazdı fələk,
Nə xeyirdi, nə də ki, şər.

Yalanlarda boğulmuşam,
Qara bulud tək dolmuşam.
Sanki, dünən doğulmuşam,
Ömür necə tez ötüşər?!

Əğyarı düşsün azara,
Bir az tələssin məzara.
Rəhmli, bəxti az ara,
Nə vaxtsa, yolun kəsişər.

Müəllif: Aygun Rehimli
www.kafiye.net