Dostlarıma

Ey ürək dostlarım,can qardaşlarım
Həsrət yağmurunun sellərindəyəm
Sizlərə sevdalı çiçək baxçamın
Solub saralmayan güllərindəyəm

Vüsal intizarın şəlaləsində
Bülbülün güllərə həsrət səsində
Alovun göylərə bəhsə bəhsində
Günəşin nur saçan tellərindəyəm

Qar boranlı qışın yaz baharında
Batan al günəşin qəm qubarında
Ürəyin ürəyə əhd ilqarında
Sevən könüllərin əllərindəyəm

Ceyranın o ürkək boylanmasında
Durna qatarının qıylamasında
Qurdun haray cəkən ulamasında
Qartalın, şahinin zillərindəyəm

Şövqü şəfəqində şehli ləçəyin
Ən gözəl ətrində qülün çiçəyin
Cıqqa tellərində nazlı göyçəyin
Nazu ədaların fellərindəyəm

Narın dalqaları həzin nəğməli
Orman kölgəsindən vəsmə ,sürməli
Aya ay göstərən gümüş çöhrəli
Zümrüd tək bərq vuran göllərindəyəm

Bəşər kəhərinin dər cilovunda
Şəri yox eyləyən nur alovunda
Sönmüş ocaqların qar qırovunda
Közərən kösövün küllərindəyəm

Məcnunun Kəbəyə sevda yönündə
Vüsalın inləyən həzin ünündə
Kədər karvanının qəmli önündə
Həsrət səhralarnın çöllərindəyəm

Könül dostlarımın ürək səsində
“Mərhəba” söyləyən türk nəğməsində
Türklüyün kaləsi lisan dərsində
Hocamın o tatlı dillərindəyəm

Ellidən bu sözü hər yerə yazın
Bilgə kağanımın daşına qazın
“Küsənmə yadlığa ,özün ol ,özün”
Turan dünyasının ellərindəyəm.

Elli Atayurd
www.kafiye.net