Necə Yol Gedim?

Dövranla ayaqlaş, deyən qafillər
Bu topal dövranla necə yol gedim?
Zəmanə dostluğu satqın, xainlik
Mən belə satqınla necə yol gedim?

Günah dəryasında çimən—günahsız
Haqqa tapınanlar qalır cüzdansız
Zamanla barışan olur vicdansız
Yalan,yaltaqlarla necə yol gedim?

Bu dünya köklənib pul para üstdə
Şöhrət qəlyanına çoxları xəstə
Bənzəmək özgəyə bir bəhsə -bəhsdə
Soyunu dananla necə yol gedim?

Ərəb laylasında uyuyan millət
Qərbin havasına eylədi biyət
Özündən heç zaman etmədi söhbət
Belə ləyaqətlə necə yol gedim?

Allahı göylərdə arayan insan
Heç göyü özündə aradınmı sən?
Nəsimi ,Mənsuru diri soyansan
Cahil nadanlarla necə yol gedim?

Yala yalmananlar yalaq yalarlar
Bir tikə çörəyə Haqqı danarlar
Şəri şər yox etməz yenə şər qalar
Tülkü,çaqqallarla necə yol gedim?

Qaqauz, karaim ,saha, macar da
Türkdü şekel ,çuvaş, noqay,tatar da
Məzhəb,din davası, hər addımında
Belə turanlarla necə yol gedim?

Dünyanın xilası insanlığında
Türkün bir olması,türk olmağında
Ellinin Fərəhi,Turanlığında
Turansız dünyayla necə yol gedim?

Elli Atayurdu
www.kafiye.net