OD, SU VƏ VİCDAN

Bir gün, od, su və vicdan,
Olaraq çox mehriban.
Dostluğa verib qərar,
Söhbət etdi o ki var.

Dostlar dedi biz gərək,
Bir az da dərk eyləyək.
Əgər ki, itgin olsaq,
Bəs sizi hardan tapaq?

Od söylədi, siz məni,
Bax bu yanan şöləni.
Bilin hardan taparsız,
Mən olmaram yuvasız.

Harda isti yuva var,
Orda tutaram qərar.
Gəzərəm hər ocağı,
Hər küncü hər bucağl
.

Su, odu eyləyib ram,
Söylədi aram-aram.
Dostlar, əgər məni siz,
Nə vaxtsa itirsəniz.

Taparsınız həyatda,
Bunu saxlayın yadda.
Sizə xəbər verərlər,
Məndən güllər çiçəklər.

Demək istərəm yəni,
Canlılar sevər məni.
Dostlarım asan tapar,
Nə qədər ki həyat var.

Növbə vicdana yetdi,
O, çox fikirə getdi.
Bir az susub dayandı,
Sonra birdən oyandı.

Dedi, əziz dostlarım,
Vəfalı qardaşlarım.
Yaxşı olar məni siz,
Heç də itirməyəsiz.

Məni saxlayın əldə,
Nə yerdəyəm nə göydə.
Əgər ki itirsəniz,
Tapa bilməyəcəksiz.

Mənsiz insanlıq olmaz,
Gözəl nəsil doğulmaz.
Olmaz abadlıq bir də,
Vicdan olmayan yerdə.



Müəllif.M.Duyğulu.
27.07.2020
www.kafiye.net