Gözəllik 

Yaradan hər şeyi gözəl yaradıb
Əzəl yaranışda sudur gözəllik.
Adəmi bir başqa özəl yaradıb,
Qulaq as söyləyim nədir gözəllik:

Günün işığıdır, ayın haləsi,
Köhlən tək şığıyan dağ şəlaləsi.
Ocağı qızdıran körpə nəfəsi-
Sevgidən doğulan güldür gözəllik.

İnsanın insana mehri- ülfəti,
Onun xoş əxlaqı xoş ünsiyyəti,
Bir-birinə olan təmiz niyyəti,
Xoş arzulu şirin dildir gozəllik

Yurdumun müqəddəs havası gözəl,
Anaların şirin laylası gözəl.
Abidin ilahi dünyası gözəl-
Bir cənnət müjdəli yeldir gözəllik.

Tale burulğanı daim soraqda
Firladar insanı qarda-sazaqda.
Bir çətin məqamda , bir dar ayaqda
Köməyə uzanan əldir gözəllik.

Günəşin torpağa salamı gözəl,
Şairin çağlayan ilhamı gözəl.
Xalqımın ecazkar muğamı gözəl-
Sarı simdə çalan teldir gğzəllik.

Sınaqlar önündə mərdanə duran,
Əsarət zəncirin çeynəyib qıran,
Çəkici kürəyə birlikdə vuran
Gücü seltək olan eldir gözəllik.

Dərk et gözəlliyi nə hünərdədir,
Onun gözəl yeri könüllərdədir.
Dünyanın xilası bu dilbərdədir,
Nicata aparan yoldur gözəllik.

Tamara Rüstamova Tənha Bulud/2017
www.kafiye.net