GƏLƏCƏYƏM.

Bir zamanlar səninlə əhdi-peyman bağladıq
Bir sevinib,bir güldük,bir qəmlənib ağladıq
Eşq ilə pərvaz edib,dəniz kimi çağladıq
Keçmişləri yadına salmağa gələcəyəm
Sənin ilə bir ömür qalmağa gələcəyəm.
**

Tək bircə baxışınla məni heyran etdin sən
Ruhumu məndən alıb uzaqlara getdin sən
Adına eşq deyilən bir bəlaya atdın sən
Bir gün səndəki məni almağa gələcəyəm
Sənin ilə bir ömür qalmağa gələcəyəm.
**
Nə zamandır ayrıyıq gecəylə gündüz kimi
Qəlb evim viranədir səhra kimi,düz kimi
Çox qəmli notlar çalır könlüm qırıq saz kimi
İtirdiyim sevgimi bulmağa gələcəyəm
Sənin ilə bir ömür qalmağa gələcəyəm.
**
Nələr çəkdi başımız dərd,ələm bizim oldu
Xoşbəxtlik bizdən qaçdı qəmdən rəngimiz soldu
Hicrana sinə gərdik kədər ürəyə doldu
Həsrəti yolumuzdan yolmağa gələcəyəm
Sənin ilə bir ömür qalmağa gələcəyəm.
**
Yeter artıq bu zülüm qollarımı açaraq
Sənə doğru yol alıb pay-piyadə qaçaraq
Qarlı dağlar üstündən bir quş kimi uçaraq
Eşq olub ürəyinə dolmağa gələcəyəm
Sənin ilə bir ömür qalmağa gələcəyəm.

Nazlı Hacılı
www.kafiye.net