Ver qırağa, saxla, bala.

(Deyişməyə son qoyduğum üçün başqa cür yol olmadığından mənə Irad bildirən birinə belə cavab verirəm)

Bura şeir aləmidir, keçməz işin “xox”la, bala,
Müqayisə eyləmə gəl, onurğanı “tıx”la, bala,
Köhnədən qalan bazara, gəlmə təzə nırxla, bala,
Olma səbəb qeylü – qala, söz qabını yoxla, bala,
Çıxma mənimlə bir yola, ver qırağa saxla, bala…

Sənət kimin başında tac, kimin belində çuludur,
Şeir var ki, müqəddəsdir, şeir var “çörək pulu”dur,
Sözləri ram eyləmişəm, qələm ruhumun quludur,
Sinəm hikmət xəzinəsi, getdiyim Haqqın yoludur,
Axtaranlar olur məni, əlində çıraxla,* bala,
Çıxma mənimlə bir yola, ver qırağa saxla, bala…

Tanrı qənim oldu sənə, gərək edəm “hörmət”ini,
Söz yarışı “Ralli” deyil, bir az azalt sürətini,
Aç öz mətah bazarını, bəyan eylə niyyətini,
Nəzmə çəkib vəsf eləyim, təftiş edim cürətini,
Ya qalib ol döyüşdə sən, ya dilini mıxla, bala,
Çıxma mənimlə bir yola, ver qırağa saxla, bala…

Məndə hər an yem tapılar, gəlsə də bivaxt qonağa,
Söz qapım açıq üzünə, çəkmək istəsən sınağa,
Daha deyişmə etmirəm, çün səbəb ollam qınağa,
Çəksəm əgər, bərkə- boşa, qaçıb girərsən çanağa,
İstəmirəm vüram başa, ömrümü günahla, bala,
Çıxma mənimlə bir yola, ver qırağa saxla, bala…

Öyrənmək gec deyil hələ, sanma bunu ölüm kimi,
Gəl səhifə açım sənə, ayrıca bir bölüm kimi,
Ehtiyacın var keçəsən, sənət yolun təlim kimi
Sıxıb keçirrəm suyunu, aşsüzəndən həlim kimi,
Düş arxama, gəl piyada, iz – ləpiri qoxla, bala,
Çıxma mənimlə bir yola, ver qırağa saxla, bala…

Bilmirəm bu zəmanədən qabaqda yoxsa daldayam,
Dil öyrənib düzün desin, həmişə qalmaqaldayam,
Əqidəmə sadiq olub, ölsəm də doğru yoldayam,
Əldə qələm tətik kim, döyüşə hazır haldayam,
Sənsə gəlirsən üstümə, adi kaman – oxla, bala,
Çıxma mənimlə bir yola, ver qırağa saxla, bala…

Fərqlənirəm, zəmanənin işlərini çözümdə mən,
İstəmirəm hamı kimi ad çıxaram dözümdə mən,
Gizlənmişəm öz külümdə, yaşayıram közümdə mən,
Bir orduyla döyüşməyə, güc taparam özümdə mən,
Çingiz çoxun məğlub edib, söz adlı silahla, bala,
Çıxma mənimlə bir yola, ver qırağa saxla, bala…

*Çıraqla.
10. 04. 2019.
Çingiz Kürdəmirli.
www.kafiye.net