EYLƏMİŞƏM..

Vurduğun yaralar dərin olacaq
Gör nəyi özümə nəf eyləmişəm?
Könlünü sanırdım yerin olacaq,
Demə yer seçməkdə səhv eyləmişəm..
*
Soyuq baxışların gözü süzdürür,
Həsrətin canımı dərdə əzdirir,
Özgələr qəlbində sevinc gəzdirir,
Mən qəlbi ələmə rəf eyləmişəm.
*
Bu hal içimizə axı qan çilər,
Bu qan vücudumu həyatdan silər,
Məni dəfçi sanır görən dəfçilər,
Dizimi döyməkdən dəf eyləmişəm.
*
Sağ ikən məzarlıq hörürsən mənə,
Hər qəmi sən rəva görürsən mənə,
Hələ yandı-qındı verirsən mənə,
Bir dəfə demirsən səhv eyləmişəm.
*
Nazlını incidib batdın günaha,
Səcdə et,duanı yetir Allaha,
Məndən əfv etməmi diləmə daha,
Mən səni sənsiz də əfv eyləmişəm.

Nazlı Hacılı
www.kafiye.net