ÇİÇƏYİM

Sinəmdə gül açan, bitən çiçəyim,
Səni incitməsin nə şübhə, güman.
Şəbingül ətirli gülüm, göyçəyim,
Köksümdə ləçəyin solmaz heç zaman!

Əyilləm, dolannam, bükülləm sənə,
Yarpağın, budağın qopmaz küləkdən.
Qoymaram ət(i)rin, nə rəngin dönə,
Ömür çiçəyimsən, rişən ürəkdən!

Səni qorxutmasın nə kölgə, filan,
Əzdirməm, üzdürməm bir kəsə, inan.
Qəlbini sıxmasın nə hiylə, yalan,
Möhtacam sən adlı nəfəsə, inan!

Bu ürək sənindi, qısıl sinəmə,
Lətif rayihəni duysun ürəyim.
Qısqanma, tərk etmə, asıl sinəmə,
Ömrümə bəzəksən, sənsən gərəyim!

Təvəkkül Goruslu. 18.02.2019.
www.kafiye.net