Ucuz ətin şorbası olmur

Bir görün, nə hala düşdü cəmiyyət,
Neçə ürəklərdə puç oldu niyyət,
Etiraf edirəm, budur həqiqət,
Mən yaza bilmirəm sevgidən daha,
Ucuz ətin şorbası olmur, qağa…

Məsləkimiz, qeyrətimiz bathabat,
Bəhrəsini verdi danos, sathasat,
Qaçaq-quldur məqsədinə çathaçat,
Düz yox olub, yalan çıxıb qurşağa,
Ucuz ətin şorbası olmur, qağa…

Biz elə xəstəyik, tapılmır çara,
Uzaqlaşdıq soy-kökümüzdən hara?
Bədən meyl eləyir cırıq şalvara,
Bəyənməyir öz çanağın tısbağa,
Ucuz ətin şorbası olmur qağa…

Güya ki, yox heç birimizdə qüsur,
Vicdanımız diet saxlayır…susur,
Məmuru görcək çoxunu xof basır,
Var hamının ehtiyacı Çıldağa,
Ucuz ətin şorbası olmur, qağa…

Cəhrə kimi baxırlar ağsaqqla,
Müəllim deyirlər adi baqqala,
Dəstəyimiz boşboğaza, naqqala,
Rəğbətimiz də gicə, ya sarsağa,
Ucuz ətin şorbası olmur, qağa…

Nə “hasil”ik, nə nisbət”ik, nə “qalıq”*, (*Riyazi ifadələr)
Çoxdan çəkibdir gözün bizdən Xalıq,
Filmlərdə olur Nərə, Ağbalıq,
Şellənirik, Naqqa düşüb qarmağa,
Ucuz ətin şorbası olmur, qağa…

Şərq hicab istədi, Qərb dedi, – soyun,
Gəldi başımıza nə qədər oyun,
Çobanı tanımaq istəmir qoyun,
Göz dikilib, ot-ələfə, yarpağa,
Ucuz ətin şorbası olmur, qağa…

Çingiz nə vaxtdır ürəkdən gülməyir,
Bu xalqa nə olub, vallah, bilməyir,
Bülbül qızılgülə yaxın gəlməyir,
Bar-bəhəri yoxdusa, girmir bağa,
Ucuz ətin şorbası olmur, qağa…!

(təkrar)
Çingiz Kürdəmirli.
www.kafiye.net