BİLƏR.
(Uşaqkən anasını itirənlərə)

Uşaqkən yetimlik nə olduğunu,
Küncdə bucaqlarda ağlayan bilər.
Bir ana rəsminə sarıldığını,
Həsrəti qəlbini dağlayan bilər.

Analı uşaqlar deyib gülərək,
Çəpəki baxışla təkləyəndə tək.
Siləndə gözünü buz yorğan-döşək,
Dərdini qəlbinə bağlayan bilər.

Hərdən saçlarına sığal dəyəndə,
Ana əli bilib boynun əyəndə.
Kimsə anasına ana deyəndə,
Boynunu bükülü saxlayan bilər.

Qara hərflərlə yazılar anlar,
Bəlkə də bezikər küçə dalanlar.
Özü kiçik, sözü böyük olanlar,
Uşaqkən yaşını haxlayan bilər.

Hardasa bir isti nəfəs duyanda,
Acı göz yaşları üzün yuyanda.
Başını “diz” bilib daşa qoyanda,
Qısılıb özünə, yuxlayan bilər.

Çəkinib, kimsəyə etməyəndə ərk,
Hər addım səsinə çırpınsa ürək.
Gizli baxışlarla hey ürkək-ürkək,
Analı dünyanı yoxlayan bilər.

Duyğulu yazınca acı şeirini,
Göynətdi misralar kövrək qəlbini.
Ana olmayınca, ana qədrini,
İtirib sonradan anlayan bilər.

Müəllif.Mətanət Duyğulu.
15.11.2018.
www.kafiye.net