YAĞIŞ VƏ BİZ

Dünən yağan yağış apardı bizi,
Ömrün yaşanmamış bahar çağına. 
Əl-ələ verərək, qəhqəhələrlə,
Endik bərabərcə sahil bağına.

Dəniz də susqundu sahil də susqun, 
Tək yağış edirdi həzin zümzümə.
Saçıma, telimə toxunub hərdən,
Təbəssüm çilədi sanki üzümə.

Bir anlıq yaşadıq ötən illəri,
Ömrün bu çağında, son baharında.
Əl-ələ, göz-gözə dayanıb bir az,
İslandıq yağışın damlalarında.

Hərdən hiss edirdim üşüdüyünü,
Dili dolaşırdı, çiyni əsirdi.
Amma evimizə qayıtmaq üçün,
Mənim şıltaqlığım yolu kəsirdi.

Bilirdim, bir anlıq sevincim üçün, 
Verərdi o mənə bəlkə canın da.
Bir addım uzağa qoymayıb məni,
Çəkərək anba-an, tutdu yanında.

Bəlkə də qısqanırdı yağan yağışa,
Bəlkə də içini bir qorxu sardı. 
Elə sıxmışdı ki, əlimi sanki,
İçində itirmək qorxusu vardı.

Bu dəfə səmadan süzülən yağış, 
Yudu gülə-gülə kipriyim, qaşım.
Çünki artıq mənim yanımda idi,
Canım tək sevdiyim həyat yoldaşım.

Budur, artıq bu gün qripləmisən,
Şıltaqlığım xəstə eyləyib səni.
Sən xəstə, mənimsə ruhum ağrıyır,
Bağışla əzizim bağışla məni.

Müəllif. Metanet Duyğulu.
www.kafiye.net