Sözümün içində

Sözümün içində gizlənib sözüm,
Təhlükəli suda üzən gəmiyəm.
Özümün içimdə dustağam özüm,
Qınında gözləyən qılınc kimiyəm.

Dilimin ucundan asılıb sözüm,
Həyatla ölümün arasındayam.
Ürək tüğyan edir ,”sus” deyir dözüm,
Görən bu qədərin harasındayam?

Sözümün içinə sığışıb dünya
Dağılan talelər, yıxılan evlər.
Dünyanın üzünə tuturam ayna,
Aynada əks olur dünya eybəcər.

Sözümün içində inləyir bəşər,
Gördüyüm səhnədən nitqim tutulur.
Vəhşi siyasətə qurban körpələr
Can verən dünyaya ölü döğulur.

Sözümün içində gizlənib sözüm,
Təhlükəli suda üzən gəmiyəm.
Özümün içimdə dustağam özüm,
Qınında gözləyən qılınc kimiyəm.

28.04.2017  Tamara Rustemova Tənha Bulud “Xəzinə-2”
www.kafiye.net