Hər kəs öz payını götürsün
—————————-
Divana ruhum çəkəcək

Sədaqət xəbislik,qan güdənləri
Çalıb da ot kimi bir gün biçəcək.
Vətəni əlində mum edənləri
Ölsəm də,divana ruhum çəkəcək.

Ömür ver yaşayım,ömür ver,Allah!
Ömür ver,vətənə olum oğul mən.
Nə şahlıq istərəm,nə də vəzirlik,
Əsgər et,düşməsin silah əlimdən.

Ölsəm də,divana ruhum çəkəcək
Namusdan,qeyrətdən zər atanları.
Uduzüb milləti,bölüb vətəni,
Mışıl yatanları,ar satanları.

Ömür ver yaşayım,ömür ver,Allah!
Bayrağım önündə məni qul eylə.
Zəfər yollarını salıb sinəmdən,
Keçir də,Sən məni-mənə yol eylə.

Ölsəm də,divana ruhum çəkəcək
Vətəni cibində gəzdirənləri.
Nahaqqın əliylə,küt qılınc ilə
Haqqı,ədaləti kəsdirənləri.

Ömür ver yaşayım,ömür ver,Allah!
Sən məni mən eylə,özümə qaytar.
O Tanrı qılıncı Atilla kimi
Siyirt də oduma,közümə qaytar!

Ölsəm də,divana ruhum çəkəcək
Məddahlıq eləyib,ad alanları.
Döşünə ordenlər,medallar taxıb,
Vətənə,millətə yad olanları.

Ömür ver yaşayım,ömür ver,Allah!
Vətən qara geyib,hələ yasdadır.
Şəhidlər qəbrində gözləri yolda,
İntiqam həvəsi hələ pas dadır.

Ölsəm də,divana ruhum çəkəcək
Alimi,şairi,bir nalbəndi də.
Ruhların qisası göylərdən gələr,
Uçurar bərəni,yıxar bəndi də.

Ömür ver yaşayım,ömür ver,Allah!
Közəmsə,üfürüb,məni od eylə.
Ərlərin əlində bir qılınc,əmud,
Mərdlərin gözündə bir ümid eylə.

Ölsəm də,divana ruhum çəkəcək
İblisə,şeytana uyan ruhları.
Alıb da əlindən tacını haqqın,
Nahaqqın başına qoyan ruhları.

Ömür ver yaşayım,ömür ver,Allah!
Ömür ver yaşayım, Türkəm mən!-deyim.
Ulayım yollarda bir Bozqurd kimi,
Əynimə intiqam kürkümü geyim.

Ömür ver yaşayim,ömür ver,Allah!
Sən məni Mən edib,özümə qaytar.
O Tanrı qılıncı Atilla kimi
Siyirt də,oduma,közümə qaytar!

Ömür ver yaşayım,ömür ver,Allah!..

Məzahir İsgəndər
www.kafiye.net