Arvadlaşırıq biz

(təkrar)

Dünyanın gündəminə gəlincə sədlər aşırıq biz,
Kişiləşdikcə zənən tayfası, arvadlaşırıq biz.

Bağırır ekran, efir, cürbəcür azadlığımızdan,
Əl çalır, oynayırıq, şellənirik şadlığımızdan,
İndi dövran dəyişib, dönmüşük inadlığımızdan,
Düşüb qərbin toruna, get-gedə bərbadlaşırıq biz,
Kişiləşdikcə zənən tayfası, arvadlaşırıq biz.

Dünya inkişaf edir, qalmışıq biz gör haralarda?..
Hamımız hiss edirik, qəlbimizdəki yaralarda,
Neçə “lider” yetişir kafelərdə, çayxanalarda,
Ağzımız açıq qalır, heyran olur, matlaşırıq biz,
Kişiləşdikcə zənən tayfası, arvadlaşırıq biz.

“SMS” lə seçilib, gör neçəsi oldu sənətkar,
Müşayət eyləməyə nə lazımdır zurna, qaval, tar?
Qulaq as diktora zənd ilə, təmiz cümləsin axtar,
Dəfələrlə keyləşir, “şey”ləşirik, “zad”laşırıq biz,
Kişiləşdikcə zənən tayfası, arvadlaşırıq biz.

Adətlər, ənənələr, mentalitet vardı qabaqlar,
Açıq idi dostlara. həm qapılar, həm də qucaqlar,
Tanımır bir-birini yaşlı qohumlar, nə uşaqlar,
Özümüzlə-özümüz , yavaş-yavaş yadlaşırıq biz,
Kişiləşdikcə zənən tayfası, arvadlaşırıq biz.

Yığılıbdır neçəsi, qeybət edir küncdə-bucaqda:
–Ola bilməz bizə tay, guya mərifət, qanacaqda,
Tapa bilsək yeyirik ortada xub… Sonra qıraqda,
Faş edib eybimizi, axşamadək mırtlaşırıq biz,
Kişiləşdikcə zənən tayfası, arvadlaşırıq biz.

Vay o gündən ki, kabab ünvanı çaşdı,- dönər oldu,
Cibləri soymaq üçün, bir çox işbaza hünər oldu,
Bəzisi tapdı azar, nurlu həyatı sönər oldu,
Nuş edib at ətini, kişnəyirik, atlaşırıq biz,
Kişiləşdikcə zənən tayfası, arvadlaşırıq biz.

Heç zaman arzulama, bir yol işin məmura düşsün,
Ola bilməz heç zaman, yüz dəfə get-gəlsiz ötüşsün,
Əlüstü “hörmət” elə, hər tərəf murada yetişsin,
Çoxdur ünsiyyətimiz, yoxsa ki, “sarvat”laşırıq biz,
Kişiləşdikcə zənən tayfası, arvadlaşırıq biz.

Restoran toyları toy tutdu bizə, sonda yorulduq,
Yeyib-içdik, oynadıq, gör nə qədər bəxtəvər olduq,
İndi də ehsan üçün yer aradıq, növbəyə durduq,
Kor olsun istəməyən göz ki, toy-büsatlaşırıq biz,
Kişiləşdikcə zənən tayfası, arvadlaşırıq biz.

Hansı bir şirkət isə, görürsən ki, yazıbdır elan,
İşçi axtarır, amma, nə yaşlı olsun, nə də oğlan,
Mütəxəssis arayır bu əcəba, yoxsa ki, canan?…
Dönüb “evdar kişi”yə, vaxt ötüşür, qartlaşırıq biz,
Kişiləşdikcə zənən tayfası, arvadlaşırıq biz.

Xudanın yaratdığı ağız, burun səmti dəyişdi,
Kişi də sırğa taxır, bir də görürsən, bu nə işdi?
Kimi tük əkdi başa, digərinin ləbləri şişdi,
Oxşamaqçün kiməsə, hər əzaba qatlaşırıq biz,
Kişiləşdikcə zənən tayfası, arvadlaşırıq biz.

Hünərin var, bara gir, təyin et, – kim qızdır, kim oğlan,
Bir ağız “Gülya” çağır, yanında hazırdı Güloğlan,
Lak çəkir indi başa, bax, o zaman arx çəkən oğlan,
Daha yoxdur o Şirin, söyləmə Fərhadlaşırıq biz,
Kişiləşdikcə zənən tayfası, arvadlaşırıq biz.

İnkişaf artdı yaman, çox uzağa getdi həkimlər,
Yaradanın işinə qarışdı, əl atdı həkimlər,
Dölün cinsin arayıb, arzulara çatdı həkimlər,
Bu səbəbdən, demə Çingiz, azalır, qıtlaşırıq biz,
Kişiləşdikcə zənən tayfası, arvadlaşırıq biz.

Çingiz Kürdəmirli
www.kafiye.net