HƏSƏD.  roman(66)

O sahilə ki, orada günəş parlayırdı, şəfəqlərindən cahana nur saçılırdı…Orada qağayılar da başqa cür ötürdü, qaqqıltıları da başqa idi…Günəşin şüaları altında bərq vurub, muncuq tək parıldayan sakit dalğalar da bir başqa idi; həzin melodiyanı xatırladırdı…Ruhu oxşayan, qəlbə yatan bir melodiyanı…
-İlahi!…, – ən möhtəşəm sənət əsərləri belə yaranırmış!, – Arzunun baxışları dilə gəldi.
-Hə…Sevgidən, saf məhəbbətdən doğulurmuş!, – Çingizin baxışları dilləndi.
-Həyat doğrudan da sevgi üzərində qurulurmuş…
-Həyat elə o zaman gözəl olurmuş!…
-O hissin qarşısında zəlzələlər, vulkanlar, küləklər, tufanlar, qasırğalar da acizmiş!…
-O hissin qarşısında ən uca dağlar da baş əyirmiş!…
Baxışlar bir – birinə daha nələr demirdi.?..Gülümsəyən simalardan, aydın, büllur tək saf gözlərdən daha nələr oxunmurdu?
Onlar saatlarla bax beləcə dayanıb, baxışların dialoqunu davam etdirə bilərdilər…Lakin…lakin ayrılıq məqamı yetişmişdi…
Arzu düşdüyü sehrli aləmi tərk etmək məcburiyyətində idi.
Ehmalca maşından düşdü. Əllərini Çingizin ovcundan ayırmaq istəsə də, cəhdi boşa çıxdı. Titrək əlləri çapalayan göyərçin kimi sanki möhkəm, dəmir qəfəsdə idi. Onları azad etmək istəyində olsa belə, baxışları yenidən dilə gəlib:” Tut! Əllərimi möhkəm tut , Çingiz ! , – deyirdi. Onları heç zaman buraxma, yad əllərə etibar etmə! “.” O əllər yalnız mənə məxsusdur!, – qarşı tərəfin baxışları söyləyirdi, – yalnız mənə! Onlara yad nəfəs toxuna bilməz!”.
Xoşbəxt idilər…Həmin an…çox xoşbəxt idilər…
-Qızım, evə qalxaqmı?, – Zəhranın səsi hər ikisini şirin xəyallardan ayırdı.
-Ana…, – Arzu çaşbaş qaldı, – hə…hə…, – deyib, zənbilləri anasından aldı.
Zəhranın zəndlə gah qızına, gah da ona baxdığını duyan Çingiz ədəblə qadına əl uzadıb:
-Xoş gördük , – dedi, – adım Çingizdir.
Zəhra da cavabında onunla əl görüşdü., Gözlərində isə çaşqınlıq, saysız – hesabsız suallar aydın oxunurdu.
-Çingiz müəllim bizim şöbənin müdiridir, – Arzu vəziyyəti nizamlamağa çalışdı.
-Yolumuz eyni istiqamətdə olduğundan, Arzu xanımı evə ötürmək qərarına gəldim, – Çingiz söhbətə qarışdı, – özünüz bilirsiniz, bu vaxtlar avtobuslar dolu olur.Güman edirəm ki, – gülümsədi, – bunu mənə ciddi irad tutmazsınız.
-Çox sağ olun, – Zəhra könülsüz dilləndi, – zəhmət çəkmisiniz. Amma…, – qızına baxdı, – Arzu aciz qız deyil, dolu avtobus gözünü qorxutmaz.Hamı necə, o da elə…
-Nə deyirəm, olsun!, – Çingiz söhbəti uzatmadı, – iradınızı qəbul edirəm. Tanışlığımıza çox şad oldum. Etimadınızı və etibarınızı doğrultmağa çalışacağam,- saatına baxdı, – indi isə…məni bağışlayın. Vacib işgüzar görüşüm var, yubanmayım.
-Hə, gedin. Sizə yaxşı yol!, – Zəhra tələsik cavab verdi, – Arzuya görə də…narahat olmayın!
-Baş üstə!, – Çingiz gülümsəyib, gözucu Arzuya baxdı, – anaların sözü qanundur! Onlardan çıxmaq olmaz! Hələlik. Sizə həftəsonu xoş istirahətlər!.
Beləcə ayrıldılar.
Pillələri aramla qalxan Zəhra gördüyü mənzərənin hələ də təsiri altında idi.Bir söz deməsə də, narazılığı üzündən oxunurdu.
-Ana, – Arzu dilləndi.
-Nə ana?, – Zəhra astadan cavab verdi, – səncə…bu yaxşı haldırmı?
-Ana…, hər şey heç də sən düşündüyün kimi deyil, inan mənə, – qız anasının ürəyini almağa çalışdı, – biz sadəcə iş yoldaşıyıq.
-İş yoldaşı…, – Zəhra qapının zəngini basdı, – görmüşük belə iş yoldaşlarını.
-Mən doğru söyləyirəm, – Arzu incik görkəm aldı, – Çingiz müəllim şöbənin bütün işçilərinə qayğı ilə yanaşır.
-Bu qız hardadır? Qapını niyə açmır?, – Zəhranın səbri tükəndi, – hövsələm daraldı!
-Darıxma, bəlkə yorulub yatıb…Mən öz açarımla açaram, – deyib, Arzu çantasından evin açarını çıxartdı.
Qapını açıb evə daxil oldular. Sakitlikdən və darıxdırıcı sükutdan həqiqətən də Sevilin yatdığını güman etdilər. 
Arzu zənbilləri mətbəxə keçirib, əl – üzünü yumaq üçün vanna otağına keçdi. Ürəyində qəribə bir narahatlıq var idi. Anası ilə hər zaman pərdəli dolanan bu qız, indi vəziyyəti ona necə anladacağı barədə düşünürdü. 
Əllərini qurulayıb, yenidən mətbəxə keçdi. Zənbillərdəki ərzaqları çıxarıb yerbəyer etməyə başladı.Şam yeməyi üçün lazım olanları ayırıb, bir tərəfə yığdı.
-Məni düzgün başa düş qızım, – Zəhra da əllərini qurulayıb, məhrəbanı ona verdi, – sən təmiz , saf qızsan.Hamıya da özün kimi baxırsan. Amma elə deyil…İnsanları tanımaq çox çətindir. Nə dinə, nə mənsəbə qulluq etdiklərini də bilmək olmur.Diqqətli ol, qızım.Unutma ki, hər parıldayan əşya qızıl deyil!.
-Mən uşaq deyiləm, ana, – Arzu mehribanlıqla anasına baxdı, – yaxşını pisdən seçməyi bacarıram, – köks ötürdü, – həyat məni vaxtından tez böyüdüb…
-Elədir.Amma yenə də olsun, qızım. Hamını öz arşınınla ölçmə. Sən gözəgəlimli, xoşxasiyyət, ağıllı, savadlı, işgüzar qızsan.Bu, təbii ki, ətrafındakıların diqqətini cəlb edəcək.Sənə qarşı cürbəcür addımlar atılcaq…Tanışlıqlar olacaq…
-Ana, – Arzu əlindəki ərzağı doğramağa başladı, – mən səni məyus edəcək heç bir addım atmamışam, atmaram da. Çingiz müəllim şirkətdə kifayət qədər hörməti, nüfuzu olan insandır. 
-Hə, hiss olunur. Alicənablığı, mərifəti üzünə yazılıb, – Zəhra təsdiqlədi.
-O da şirkətin adına , öz nüfuzuna xələl gəlməsinə razı olmaz.Sadaladıqlarından əlavə, o, həm də çox qayğıkeş, hörmətcil insandır. Çətinliyə düşənə anındaca əl uzadir. Təmənnasızdır, – sözünə ara verdi, – şirkət əslində atasına məxsus olsa da, bütün işləri o idarə edir.Özü də bacarıqla.İşlədiyim müddətdə hələ bir işçinin belə ondan narazı qaldığını, gileyləndiyini görməmişəm. 
-Ola bilər…Bir söz deyə bilmərəm, – qızına baxdı, – amma…sənin onun maşınında…
-Ana, – Arzu əlindəki işi dayandırıb Zəhranın gözlərinə baxdı, – biz yalnız iş yoldaşıyıq.
-Qızım, – Zəhra ciddi görkəm aldı, – sən gənc qızsan. Gələcəyin qarşıdadır. De görüm, səni onun maşınında görənlər qapımıza gələrmi? Təmizliyinə, düzlüyünə inanarmı?
-Ana…Elə…
-Nə ana?, – Zəhra səsini qaldırdı, – ona nə var? Kişidir. Özü də subay. Beləsinə kim nə deyəcək? Amma sən … adının üstünə ad qazana bilərsən ki…bu da sənə baha oturar.
-Ana, sən məni dinləmirsən, – Arzu yenidən işi ilə məşğul olmağa başladı, – demək istəyirəm ki…
-Nə deyəcəksən?, – Zəhra səsini yavaşıtdı, – gələcəyini düşün.
-Elə mən də…
-E…e…e…, -“ mus – mus” deyincə Mustanı de qurtar da!, – Sevil mətbəxin qapısında göründü, – arvadı dağa – daşa niyə salırsan? 
-Sən yatmamışdın?, – Zəhra çevrilib qızına baxdı.
-Yox, – Sevil masanın üzərindəki portağalı götürüb, əlində oynatmağa başladı, – Sənin bu gülməşəkər qızın, – Arzunu göstərdi, – bağçada eşitdiyi nağılların şirin təsirindən ayılmayıb.
-Sevil!, – Arzu narazı halda dilləndi, – sakit ol.
-Niyə?, – Sevil güldü, – anan ki, özgəsi deyil.
-Nə baş verir?, – Zəhra həyəcanlandı, – məndən nəyi gizlədirsiniz?
Sevil zəndlə bacısına baxdı.Arzu başını aşağı salıb, işi ilə məşğul idi.
-Yaxşı, qoy onda mən deyim, – istehza ilə gülümsədi, – qızın elə zənn edir ki, həmin o şirkət sahibi…
-Sevil!, – Arzu pörtdü.
-Onunla ailə quracaq, – əllərini bir – birinə vurub ucadan güldü.
-Aman Allah!, – Zəhranın rəngi qaçdı, – qızım…belələrinə inanmaq…
-Ana, – Arzunun gözləri doldu, – mən …mən ona özümdən artıq inanıram, – gözündən yaş süzüldü.
-Daha ağlamaq niyə?, – Sevil rişxəndlə ona baxdı.
-Ağlamıram, soğan gözümü göynətdi, – Arzu özünü ələ almağa çalışdı.
-Qəribə işlər baş verir, – Zəhra köks ötürdü, – doğru deyirlər ki, uşaq böyüdükcə dərdi də böyüyür.
-Dərd niyə , ana?, – Arzu gözünü sildi, – Çingiz çox ləyaqətli insandır.
-Sözüm yoxdur, – ana qızını qucaqladı, – sənin məyus olmağını istəmirəm. Sən mənim gözümün nurusan. Qoymaram ki, bir kimsə sənin xətrinə dəyə.
-O, məni xoşbəxt etmək istəyir. El adəti ilə, qayda – qanunla elçi göndərib, ailə qurmaq istəyir.
-Həə, – ana gülümsədi, – belə görürəm ki…sən də etiraz etmirsən. Bir qız bir oğlanındır, bala. Burda təəccüblü heç bir şey yoxdur.
-Təəccüblü olan odur ki, – Sevil mətbəx masasının arxasına keçdi, – niyə məhz sən? Sənin o şirkət rəhbərinin başına qız qəhətdirmi? Özünə uyğun təbəqədən olan qızla evlənə bilməzmi? Hə ?
-Ürəyə zor yoxdur.
-Bah! Deyəndə ki, bu filmlərə az bax, az kitab oxuyub xəyallara dal, qulaq asmırdın.Bu da nəticəsi! Bəh – bəh! Var – dövlət içində üzən biri yetim, kasıb qıza aşiq olub! Özü də, – istehza ilə bacısına baxdı, – evlənmək istəyir! Cəfəngiyyat!
Arzunun pərtliyini görən Zəhra söhbəti dəyişmək qərarına gəldi:
-Nə isə…Xeyirlisi ay bala. Deyin görək, bazar günü Xavər xanımgilə getməyə hazırlaşırsınızmı?
-Hə, – Arzu əlini işdən ayırdı, – şirkətin yaxınlığında yaxşı şirniyyat mağazası var. Qabaqcadan sifariş qəbul edirlər. Növbənöv, çeşidbəçeşid şirniyyatların satışı ilə məşğul olurlar.
-Aha, – Zəhra maraqla qızına baxdı.
-Nahar fasiləsində oraya gedib, gözəl bir tort sifariş verdim. Bazar günü sürücüdən xahiş edərik, yolunu oradan salar. Siz də baxarsınız, lazım gələrsə, digər şirniyyatlardan da alıb, əlavə edərik.
-Lap yaxşı, – Zəhranın gözləri güldü, -çoxdandır heç yerə qonaq getmirik. Məncə, yaxşı olar.Fikrimiz dağılar.
-Hə, – Arzu da gülümsədi, – Xavər xanımın adı çəkilən kimi əhvalım düzəlir. Əlbəttə yaxşı olacaq, – plitənin üzərindəki qazanın qapağını açıb baxdı, – yeməyimizin də bişməsinə az qalıb. İndi birlikdə şam yeməyi yeyəcəyik.
-Gözəl balam, – Zəhra qızını bağrına basdı, – Allah səni xoşbəxt eləsin.
Arzu da anasını qucaqladı.Çox keçmədi ki, birlikdə süfrə arxasına oturub, şam etdilər.

Ardı var.

Gövher Rüstemova
www.kafiye.net