HƏSƏD. roman.(61)

Arzu bir söz deməyib, yan otağa keçdi. Əynini dəyişib, əl – üzünü yudu. Şam yeməyi hazırlamaq üçün soyuducudan bəzi ərzaqları çıxarıb, mətbəx masasının üzərinə yığdı.
Sevilin sözləri ona möhkəm sirayət etmişdi. Qızın bir – birinin ardınca düzüb söylədikləri fasiləsiz olaraq qulaqlarında səslənir, fikirlərini bir – birinə qatırdı.Əlləri tələsik iş görsə də, xəyalları, düşüncələri başqa yerdə idi.Bacısından eşitdiyi ittihamların heç birini Çingizə yaraşdırmır, əksinə, onun surətini xəyalında canlandıraraq hər vəchlə onu müdafiə etməyə can atırdı.Özlüyündə ”Yox, Çingiz sən düşündüyün deyil,bacı, – deyirdi. Hamıya eyni gözlə baxmaq, şübhə ilə yanaşmaq olmaz. Çingiz…Çingiz fərqli insandır. Ləyaqətli, mərd …Bir də ki, …sənin dediyin “məqsədli” evliliyə onun nə ehtiyacı var ki? İmkanı müqabilində evinin hər bir işini görə bilən adamı yoxdurmu? Bundan ötrü məgər mütləq şəkildə kasıb, kimsəsiz qızla evlənmək məcburiyyətindədirmi? Yox, bacı , elə deyil.Bir də ki…Bəs hissləri? Həyəcanı? Baxışları?Yox, onlar məni aldadıb tora salmaq məqsədi daşımır. Onlarda…o qədər saflıq, o qədər təmizlik, xoş niyyət var ki…Çingiz insan həyatına oyuncaq kimi baxan, insan taleyi ilə oynayan biri deyil.Yanılırsan, səhvin var, bacı…”.
Qapının zəngi onu fikirlərdən ayırdı. Əlindəki bıçağı masanın üzərinə qoyub, cəld qapıya qaçdı. 
Anası evə daxil olan kimi, gətirdiyi zənbillərii əlindən alıb, üzündən öpdü:
– Axşamın xeyir, ana. Xoş gəldin, – dedi.
Ana da elə dəhlizdə qızının boynunu qucaqladı:
-Xoş günün olsun, qızım, – dedi.Ömrüm- günüm, sevimli balam…
Ana nəvazişindən kövrələn Arzu yanağına biixtirar süzülən göz yaşlarını gizlətməyə çalışdı. Lakin bu, Zəhranın gözündən yayınmadı:
-Nə oldu, qızım? , – üzünün ifadəsi dəyişdi, – bir hadisə olmayıb ki?
-Yox ana, – Arzu gülümsəməyə çalışdı, – heç bir şey olmayıb, – dodaqları əsdi, – sadəcə…soğan gözlərimi göynətdi deyəsən…, -əlinin arxası ilə gözündən axan iri damlanı sildi. Anasının qoluna girib, -Gəl, gəl keç. Sizə dadlı şam yeməyi hazırlayıram, – dedi.
Ana təəccüblə ona baxsa da, mübahisə etmədi.Aramla otağa keçib, yaylığı başından açdı.Ətrafa göz gəzdirdi:
-Sevil də evdədirmi?
-Hə, evdədir, – deyib, Arzu yan otağın qapısını açdı,ucadan, – indi gəlib, səninlə görüşəcək.Yəqin ki, gəlişindən xəbəri olmayıb, – deyib, zəndlə bacısına baxdı.
Eyhamı anlayan Sevil yerindən könülsüz qalxıb otaqdan çıxdı. Anası ilə görüşüb yenidən otağına çəkildi.
Arzu isə həmişəki həvəslə şam süfrəsi hazırlayır, bişirdiklərini zövqlə süfrəyə düzürdü.
Qızının səliqə – sahmanını, əl qabiliyyətini fərəhlə izləyən Zəhra özlüyündə:” Allah səni xoşbəxt eləsin, qızım, – deyirdi. Yaxşı ki, sən varsan….Həyatımın bəzəyi balam.”
Hər üçü süfrəyə yenicə əyləşmişdilər ki, telefon zəng çaldı.Arzu dəstəyi qaldırıb:
-Bəli, – dedi.
Xavərin səsini eşitcək gözləri güldü:
-Axşamınız xeyir, əzizim Xavər xanım.Səsinizi eşitmək necə xoş oldu! Yaxşısınızmı?
-Hmm…, – Sevil narazı görkəm aldı, – anası yerində rəfiqə tapıb.Xeyirli olsun.
-Nə olar ki? , – Zəhra dilləndi, – Xavər xanım çox mədəni, istiqanlı qadındır. Qızı Arzugilin şöbəsində işləyəcək. Yəqin ki, onların yaxın, mehriban rəfiqə olmalarını arzulayır.
-Bunun üçün ananın səyi vacib deyi, – Sevil çörəkdən dişlədi, – qızı özü lazım bilsə, rəfiqəlik edəcək, bilməsə…
-Hə, yeyin, soyutmayın, – dəstəyi yerinə qoyub, yenidən masa arxasına əyləşən Arzu mehribanlıqla dilləndi, – Xavər xanım idi. Hamınıza salam söylədi.
-Sağ olsun, – Zəhra şorbadan bir qaşıq yedi, – Bizdən də salam söyləyəydin.
-Dedim, – Arzu da yeməyə başladı, – Xavər xanım bazar günü bizi evində gözləyəcək. Üçümüzü də qonaq çağırır. 
-Bah ! , – Sevil ağzındakı tikəni uddu , – Rəfiqən deyəsən ailəvi dostluğa can atır!
-Biz rəfiqə deyilik! Bir – birimizə dərin hörməti olan insanlarıq!, – Arzu səsini qaldırdı, – Xavər xanım mənə doğma övladı kimi yanaşır, mehribanlıq göstərir.Burda nə var ki?
-Çox gözəl!, – Zəhra qızlarının mübahisəsinə son qoydu, – Xavər xanım mənim də çox xoşuma gəlir.Dəvətini də qəbul edirəm, – gülümsədi, – bazar günü bizim də istirahət etmək haqqımız var, – gedərik, günümüzü birlikdə keçirərik.Ünvanı dəqiq bilirsənmi?
-Xavər xanım arxamızca maşın göndərəcək.Günorta saat birdə sürücü qapıda olacaq.
-Lap şahənşahlar kimi!, – Sevil kinayə ilə gülümsədi, – rəqqasələr də olacaqmı?
-Xavər xanım bizim gəlişimizə nəsə sürpriz hazırlayıb, – Arzu bacısının eyhamına əhəmiyyət vermədən anasına baxdı, – dedi ki, indidən desəm, maraqsız olar. Gəlib görərsiniz.
-Lap yaxşı, – Zəhra mehribanlıqla qızına baxdı, – gedərik, görərik.Qızı ilə də tanış olarıq.
-Hə, – Arzu yeməyə davam etdi, – mən də onunla tanış olmağa tələsirəm. Ümidvaram ki, yaxın rəfiqə olacağıq.
-Bunu o da istəməlidir, – Sevil yeməyini bitirib ayağa qalxdı, – tək sənin istəyinlə iş bitmir.Birinci dəfədir ki, ananın qızı üçün rəfiqə soraqlamağını görürəm.Nə isə…Mən növbəti imtahana hazırlaşmalıyam.
-Get qızım, get hazırlaş. Özümüz hər şeyi yığışdıracağıq, – Zəhra əlini qızının saçlarına çəkdi.
Sevil mətbəxdən çıxan kimi:
-Ehh…mənim ərköyün qızım, – deyib köks ötürdü.Bu qız niyə bu qədər kinli, qəzəblidir, bilmirəm…Axı, onun üzünün gülməsi üçün əlimizdən gələni edirik. Amma…üzü gülmür ki, gülmür!
-Belə getsə, onun üçün yaşamaq çox çətin olacaq, – Arzu qayğılı görkəm aldı, – həyatda yalnız pislikləri görür. Heç bir şeydən zövq almır , başqalarına zövq verməyi bacarmır.Mən…özümüzü də günahkar hesab edirəm, ana. Evin sonbeşiyidir deyə, əzizlədikcə…əslində ona zərər veririk. Ona hər şeyi hazır şəkildə təqdim etdikcə, həyatına zərbə vururuq. Zəhmətlə qazanılan çörəyin, minbir əziyyətlə başa gələn hər bir şeyin qədir – qiymətini, dəyərini unutdururuq.Çətinliklərlə üzləşmədikcə də…xasiyyəti dönür.
-Hə, düz deyirsən, – ana ah çəkdi, – iddiaları artır.
-Qarşıdan yay tətili gəlir, – Arzu çaydanı doldurub plitənin üzərinə qoydu.
-Hə , qızım, gərək onun istirahəti üçün bir şey fikirləşək, – ana fikrə getdi.
-Əksinə,- Arzu ucadan gülüb anasını qucaqladı, – onun yay müddətindəki fəaliyyəti barədə düşünək.
-Necə? , – ana təəccüblə qızına baxdı.
-Lap sadəcə, – qız süfrəni yığışdırmağa başladı, – həm dincəlməli, həm də faydalı nələrləsə məşğul olmalıdır.İnan mənə , ana, bu onun xeyrinədir. Fəaliyyətsizlik ona daha mənfi təsir göstərə bilər.
-Axı..O, dincəlməli, istirahət etməlidir.
-Dincəlməli, istirahət etməli olan əslində o yox, sənsən, – Arzu anasının üzündən öpdü, – amma bu barədə heç düşünmədin.
-Mən…mən necə dincələ bilərəm?, – ananın üzünə kədər çökdü, – tək sənin məvacibinlə…
-Narahat olmayın, – Sevil mətbəxin qapısında göründü, -bu barədə mənim öz planlarım var.
-Nə plan?, – Zəhra maraqla qızına baxdı.
-Şəxsi planlarım, – deyib, Sevil bacısının yuyub qaba yığdığı meyvələrdən birini götürdü, – maraqlıdırsa, deyim.
-Əlbəttə maraqlıdır, – Arzu tələsik cavab verdi, – yəqin ki, çox düşünüb- daşınmısan.
-Hə, – Sevil meyvəni dişlədi, – xeyli düşünmüşəm. Anası ilə bacısının onu maraqla dinlədiyini görüb güldü, – imtahanları başa vurduqdan sonra sənədlərimi əyani şöbədən alıb, qiyabi şöbəyə verəcəyəm.
-Niyə?, – Zəhranın təəccübdən gözləri böyüdü.
-Fərqi nədir? Təhsilimi orada davam etdirəcəyəm.
-Məqsəd?, – Arzu diqqətlə onun gözlərinə baxdı.
-Məqsəd…Məqsəd- oxumaq və işləmək!
-Nə danışırsan?, – Zəhra udqundu.
-Nə danışdığımı gözəl anlayıram.Yay müddətində özümə münasib iş axtaracağam.Məncə…, – anasına baxıb gülümsədi, – anamızın dincəlmək zamanı yetişib.
-Yox ay bala!, – ana biixtiyar səsini qaldırdı, – ağlını başına yığ! Təhsilinə davam et! Məni düşünmək lazım deyil!
-Niyə? Lazımdır!, – Arzu söhbətə qarışdı, – ağlabatan fikirdir.O qədər həm oxuyub, həm də işləyən gənclər var ki. Məncə, heç də pis olmaz.
Zəhra susdu. Arzunun qətiyyətli baxışlarından nə oxudusa, artıq dillənmədi.
Mətbəxi də, otaqları da səliqəyə saldıqdan sonra yataq otağına keçən Arzu:
-Sevil, – dedi, – fikrin qətidirmi?
-Hə, – qız gözlərini kitabdan ayırmadan cavab verdi.
-Səni bu addımı atmağa vadar edən nədir?
-Mən…, – əlindəki kitabı qoydu, – mən bundan belə nə Zaurun, nə də Nübarın gözlərinə baxa bilmərəm, – qəhərləndi, – hətta məni bağışladıqlarını desələr də…Onlarla üz – üzə gəlmək, saatlarla bir otaqda əyləşmək , ünsiyyət qurmaq mənə çox ağır gəlir. Hər baxışlarında özümə qarşı qınaq, inamsızlıq, etibarsızlıq hiss edəcəyəm…Nə deyim, haqları var…Amma belə bir münasibət mənim qürurumu addımbaşı sındıracaq. Onların qarşısında gözükölgəli edəcək.Səncə…, – gözləri doldu, – səncə, belə bir şəraitdə…
-Həə, – Arzu keçib bacısının çarpayısına əyləşdi, – özü yıxılan ağlamaz.Səni dəfələrlə xəbərdar etmişdim, “ Atacağın hər bir addımı dərindən düşün – daşın!” demişdim. Nə isə…
-Vicdan əzabı məni çox sıxır, Arzu, – dodaqları əsdi, – ondan qurtulmağın tək yolu var- qiyabi şöbədə təhsilimi davam etdirmək və…işləmək.
-Bu, inanmıram ki, səni vicdan əzabından tam xilas etsin, amma…pis fikir deyil.
-Anamız da başqa qapıya çörəkpulu qazanmağa getməz. Onlar üçün etdiklərini öz evi, ailəsi üçün edər. Məncə, ikimizin qazancı bizə yetər.Sən də ev işlərindən azad olarsan.
-Nə deyim, – Arzunun gözləri yol çəkdi, – anamız həqiqətən çox yorulub.Bundan sonra onu daha çox əzizləməli, qayğısını çəkməli, qeydinə qalmalıyıq.

Ardı var.
www.kafiye.net