HƏSƏD. roman.(60)

Arzuların , şirin xəyalların qanadında elə pərvazlanırdı ki, Sevilin ona yaxınlaşdığından belə xəbərsiz idi.
Qız bacısının qeyri – adi davranışını , əhval – ruhiyyəsini maraqla seyr edir, arabir gözlərini qıyıb gülümsəyirdi.
Nəhayət:
-Arzu , – dedi, – sənə nə olub? Elə bil qanad açıb uçmaq istəyirsən?!
-Hə…, – Arzu sanki xəyallardan ayılmaqdan ehtiyatlanırmış kimi gözlərini yumdu , – kaş bir cüt qanadım olaydı…Uçub ən uca dağın ən yüksək zirvəsinə qona biləydim. Oradan bütün aləmə səs salaydım :” Eheyy!!! Sevmək – sevilmək nə gözəlmiş! Mən…Mən dünyanın ən xoşbəxt insanıyam!Həyat gözəldir! Sevin , sevilin! Bir – birinizə sevinc, səadət bəxş etməkdən çəkinməyin! Pisliklərdən, xəyanətdən uzaq olun! Ömrünüzü xoş əməllərlə gözəlləşdirin , bəzəyin! O zaman…hər şey könlünüzcə olacaq!
-Yaxşı , – Sevil bacısına yaxınlaşdı, – bəlkə otağa keçəsən? Deyəsən , təzə xəbər var axı…
-Mən xoşbəxtəm, Sevil , – Arzu gözlərini açdı , – çox xoşbəxtəm.
-Lap yaxşı, – Sevil gülümsədi , – nəhayət ki , bizim ailəmizdə də kimsə xoşbəxtliyin yadına düşdü…
Arzu:
-Hər şey insanın özündən asılıdır , – deyib bacısını qucaqladı, – gəl , səninlə bölüşmək istəyirəm. Səndən başqa kimim var ki?
Hər ikisi otağa keçdilər. Arzu divanda yerini rahatlayıb ona maraqla baxan bacısına gülümsədi:
-Elə bil yuxudayam, Sevil , – dedi, – mənə…bu gün…, – sözünə ara verdi , – aman Allah! 
-Ay qız , ürəyimi çəkdin e…, – Sevil səbrsizləndi , – sözünü desənə.
-Hə…, – Arzu pörtdü, – gec – tez…onsuz da bilməlisiniz…
-Ufff! , – de bir …
-Sevil , mənə həyatım qədər doğma , əziz olan bir kəs…mənimlə ailə qurmaq istəyir.
-Elə bu ?, – Sevil ucadan gülüb əllərini bir- birinə vurdu, – burda qeyri – adi nə var ki? Bir qız bir oğlanındır.
-Hə.., – orası elədir , – Arzu alnını ovuşdurdu, – məsələ burasındadır ki…Mənim heç ağlıma da gəlməzdi ki…
-Qəhrəmanın kimliyini bilmək olar ?, – Sevil gözlərini qıydı.
-Əlbəttə olar , – Arzu gülümsədi, – o…şöbəmizin müdiri Çingiz , – dodağına yenidən təbəssüm qondu, – “ müəllim” sözünü tərgidə bilmirəm.
-Həə…, – Sevil qalxıb otaqda gəzişdi, – demək sənə…qurbanlıq quzu kimi baxılır…
-Nə ? , – Arzunun üzünün ifadəsi dəyişdi , – nə qurbanlıq…?
-Hmm…, – deyəsən , nağıllar aləmindən uzaqlaşmamısan. Hələ də möcüzələrə, sehrbazlara inanırsan. Hətta…sonda göydən yerə düşəcək üç almadan birinə sahib olacağına da ümid edirsən.
-Sevil, nə demək istəyirsən?
-Demək istəyirəm ki…vəzifəli kəslər üçün bizim kimilər yalnız vasitədir- əyləncə vasitəsi! Daha dəqiq desək- oyuncaq! Oynadı, doydu , atdı bir kənara…
-Sən nə danışırsan!
-Bəli, – Sevil səsini qaldırdı, – səncə malı , pulu , vəzifəsi , hər bir imkanı olan şəxs yetim, kasıb, kimsəsiz qızla evlənərmi? Nə qədər gülüncdür! , – dönüb bacısına baxdı, – yəni sən…bu qədər sadəlövhsən?
-Çingiz…fərqli insandır, – Arzunun səsi titrədi, – o…o, həqiqətən məni…qəlbən…
-Kişilərin hamısı eynidir! Fərqlisi – filanı yoxdur! Əllərinə düşən fürsəti fövtə verməzlər!Nə yolla olur – olsun, məqsədlərinə çatmaq istəyərlər. Sən gözəl, ağıllı , savadlı qız olsan da…o təbəqənin adamı deyilsən. Sənin o “ Çingiz müəllim” in hansı qızla istəsə, evlənə bilər. Sən onun nəyinə lazımsan?
-Nə demək istəyirsən, Sevli? , – qızın gözləri doldu, – sən tanımadığın insan barədə necə danışa bilərsən?
-Tanımağa ehtiyac yoxdur. Bunları dərk etmək üçün elə də ciddi fəlsəfə lazım deyil . Azacıq məntiq kifayət edər.
-Mən ona çox inanıram, – Arzu astaca dilləndi , – o, nankor insan deyil.
-Ətrafına diqqətlə bax, – Sevil ciddi görkəm aldı , – gör nə qədər bədbəxt qadın var.Unudulmuş, atılmış, aldadılmış….Hətta…kənardan ən xoşbəxt görünən istənilən qadını dindirsən, necə bədbəxt olduğunu görərsən…Kimdir günahkar? Hə ? Bax , həmin o …” qeyri – adi” kişilər.Yalançı vədləri , mədəni davranışları, şirin dilləri ilə qadınların ağlını başından çıxarıb…nəhayətdə yarı yolda buraxan kişilər…
-Çingiz mənimlə qayda – qanunla , el adəti ilə ailə qurmaq istəyir.
-Hm…el adəti ilə…Elələri üçün evlənib – boşanmaq su içmək qədər asan bir şeydir.Nəticədə …qadın ömrü heç olur.
-Lap dünyagörmüş nənələr kimi danışırsan.
-Səndən kiçik olsam da , həyata səndən ayıq baxıram.Hissiyyata qapılma, Arzu.Hər kəsə özün kimi yanaşma. Kişilərə isə…ümumiyyətlə etibar etmə , inanma!
-Etibarsız, inamsız necə yaşamaq olar?
-Olar!, – Sevil qətiyyətlə cavab verdi, – Kiminsə əlində oyuncağa, əyləncəyə çevrilməkdənsə…
-O mənə çox ciddi yanaşır. Hətta…şöbənin işlərini də etibar edir. Müavininə aid olan işləri də mənə həvalə edir.
-Bəs necə!, – Sevil ucadan güldü, – əsl şahmat gedişidir! Məqsədə yetmək üçün bəzən ən iri fiqurlar belə qurban verilir…
-Sən məni məyus etdin…, – Arzu güclə eşidiləcək səslə dilləndi, – içimdə alovlanmağa başlayan sevgi qığılcımını söndürdün.
-Mən bunları səndən ötrü etdim, – Sevil bacısını qucaqladı, – kiminsə qurbanına çevrilməyini, bədbəxt olmağını istəmirəm.
-Hamıya şübhə ilə yanaşmaq olmaz. Həyat yalnız pisliklərdən ibarət deyil, bacı. Kimsəyə inanmadan , güvənmədən yaşamaq olmaz.Mən…mən ona çox inanıram.
-Nə deyim?, – Sevil qolunu bacısının boynundan açdı, – məndən deməkdir. Gerisi…sənə aiddir.
-Qərar verməyə tələsməyək, – Arzu ayağa qalxdı, – zaman özü hər şeyi silkələyib yerinə qoyacaq.
-Olsun!, – Sevil razılaşdı, – məncə…anamıza deməyə tələsməyək.
-Bəs…yaxın günlərdə elçi gələcək axı…Necə olsun?
-Gəlsin də…, – evə göz gəzdirdi, – görək o elçilər bu ev – eşiyi, bu yaşayışı görəndən sonra fikirlərini dəyişməyəcəklər ki ?
-Çingiz haqqımızda bəzi şeyləri bilir.Dolanışığımızdan da az – çox xəbəri var.
-Bəs adamları? 
-Nə bilim…
-İncimə, elələri kasıb qızla məqsədli şəkildə evlənirlər.
-Necə yəni , məqsədli?
-Çox sadə. Evinin hər işini görsün, dünyaya övlad gətirib böyütsün.Yusun, yığışdırsın, bişirib- düşürsün…Özləri isə…
-Nə isə…, – Arzu söhbəti yekunlaşdırmaq qərarına gəldi, – səndə nə xəbər var ?
-Heç…, – Sevil fikrə getdi , – Zaura zəng vurmuşdum.
-Aha, – Arzunu maraq aldı.
-Bazar günü evlərinə gedib , anasından da , özündən də üzr istəyəcəyimi bildirdim.
-Sonra?
-Razı olmadı. Anasına özü hər şeyi izah etdiyini bildirdi. Çox təkid etdim…amma razı olmadı. Söhbəti uzadıb, şişirtməməyi məsləhət gördü.
-Belə., – Arzu fikrə getdi , – yaxşı bəs…Nübar?
-Onunla özüm söhbət edəcəyəm. Üz – üzə, göz – gözə!Bütün səhvlərimi etiraf edəcəyəm! Məni qınasa da, mənə nifrət etsə də…Nübar…Nübar məni anlayacaq…Başa düşəcək…Amma…bağışlayacaqmı? Bilirəm, əvvəlki saf, təmiz münasibəti bərpa etmək…bəlkə də mümkün olmayacaq…Nə etməli…, – dərindən ah çəkdi.

Ardı var.

Govher Rüstemavo
www.kafiye.net