HƏSƏD. roman.( 58)

Son günlər Çingizin soyuq münasibəti, rəsmi davranışı Könülü düşünməyə vadar etmişdi.Səbəbini anlamasa da , aralarında get – gedə yaranan , dərinləşən uçurum qızı narahat edirdi. Çingiz onu şirkətin heç bir işi ilə məlumatlandırmır, şöbənin fəaliyyətinə isə özü şəxsən nəzarət edirdi.
Qızın fikrində cürbəcür suallar dolaşırdı:” Çingizi ondan narazı salan nə idi? Aralarındakı səmimi münasibət niyə belə bir şəkil almışdı? Şöbənin bütün işlərini əlində cəmləyən, maraqlı təkliflər irəli sürən, müzakirələrdə bilavasitə həlledici fikirlər yürüdən Könül indi niyə fəaliyyətsiz qalmışdı?…Çingiz ona adi tapşırıqları belə həvalə etmir , şirkətin heç bir işinə müdaxilə etməsinə imkan vermirdi.
Nahar fasiləsinə az qalırdı. Könül Çingizlə ünsiyyət qurmaq üçün bir bəhanə gəzirdi. Elə bu zaman şöbənin qızlarından bir nəfər ona yaxınlaşıb :
-Könül xanım, – dedi, – tapşırdığınız işlə bağlı bəzi suallarım var. Mənə kömək edərsinizmi?
-Əlbəttə, – Könül düşünmədən cavab verdi, – bu , mənim birbaşa vəzifəmdir.
Təşəkkür, – deyib qız gülümsədi və əlindəki qovluğu onun masasının üzərinə qoydu.
Qızı maraqlandıran sualların hər birinin cavabını gözüyumulu bilsə də, Könülün əlinə yaxşı fürsət düşmüşdü.
-Aha , – dedi , – çox maraqlı suallardır, – fikrə getdi, – mən bunları Çingiz müəllimlə dəqiqləşdirib, sizi məlumatlandıraram.
Qız razılıq edib, yerinə əyləşdi. 
Əlinə düşən imkandan istifadə etməyi qərara alan Könül qovluğu götürüb, otaqdan çıxdı. Dəhlizdəki güzgüdə özünə göz gəzdirib, pillələri sürətlə endi.
Başı nəyisə makinada çap etməyə möhkəm qarışmış katibə onu görcək:
-Çingiz müəllim məşğuldur , – dedi.
Katibənin davranışından heç bir şey anlamayan Könül təəccüblə ona baxdı:
-Başa düşmədim!…
Katibə əlini işdən ayırmadan:
-Özünün göstərişidir, – dedi, – icazəsi, göstərişi olmadan heç kimi kabinetinə buraxmamaq.
-Hətta…hətta…məni də ?
-Heç kimi , -deyib , katibə gözucu Könülə baxdı.
Qızın əsəbləri gərildi, qaşları çatıldı:
-Elə isə…Mənim gəlişimlə bağlı məlumat verin, – əda ilə katibəni süzdü, – özü də cəld!
Sənubər əhvalını pozmadan , daxili telefonun dəstəyini qaldırıb:
-Çingiz müəllim, – dedi.
-Eşidirəm, – otaqdan səs gəldi.
-Könül xanım şöbənin işi ilə əlaqədar sizinlə görüşmək istəyir.
Cavab verməyə tələsməyən Çingiz bir qədər fasilədən sonra könülsüz :
-Deyin gəlsin , – dedi.
Könül kabinetin qapısını həmişəkindən fərqli olaraq, ehtiyatla açdı.Çəkinə- çəkinə :
-Olar , Çingiz müəllim?, – dedi.
-Olar , – quru tərzdə cavab verən Çingiz özünü bacardığı qədər məşğul göstərməyə çalışdı.Əlindəki vərəqləri bir – bir gözdən keçirməyə başladı.
-İşlə bağlı bəzi suallarım…eləcə də təkliflərim var, – Könül sıxıla – sıxıla yenidən ona müraciət etdi.
-Buyurun, – Çingiz gözlərini vərəqlərdən çəkmədən cavab verdi.
Könül cəld əlindəki qovluğu açıb, bayaq qızın verdiyi suallar ətrafında diskussiya qurmağa çalışdı.
Qovluqdakı sənədləri gözdən keçirib, sualları dinləyən Çingiz :
-Burda anlaşılmayan nə var ki ?, – deyib, qızın gözlərinə baxdı, – siz ki, bunları çox gözəl bilirsiniz . İşlədiyiniz birinci il deyil ki…Belə məsələlərlə mütəmadi olaraq üzləşmisiniz və düzgün qərarlar vermisiniz, – üzünü yana çevirdi, – açığı…bura gəlişinizin məqsədini anlamadım.
-Çingiz müəllim…məni bir şey çox düşündürür, – Könül özündə qüvvə tapıb söhbətə başladı, – siz həmişə şöbənin bütün işlərini mənə ürəklə etibar edirdiniz…Hər bir məsələnin həllində , yeni qərarların qəbulunda mənim fikirlərimi dinləyərək hesablaşırdınız. Amma…amma indi…, – gözləri doldu, – mənə yad insan kimi münasibət bəsləyir, şöbənin heç bir işi ilə məlumatlandırmırsınız….Hərdən…özümü şöbədə lazımsız , artıq adam kimi hiss edirəm.
-Hə …, – Çingiz yerindən qalxdı, – İnam , etibar ! Gözəl sözlərdir , deyilmi? , – çevrilib Könülə baxdı, – onları əldə etmək , qazanmaq…illər tələb edir, – əlini cibinə salıb , otaqda var – gəl etdi, – itirməyə isə…bircə an bəs edir…Bircə an!
-Anlamıram. Demək istəyirsiniz ki…
-Demək istəyirəm ki, – Çingiz onun sözünü kəsdi, – inamı, etibarı qazanan kəs…, – qızın gözlərinə baxdı, – həm də , onu qoruyub saxlamağı bacarmalıdır.
-Mən…məncə elə bir qəbahətə yol verməmişəm , – qız günahkar görkəm aldı, – bəlkə…aranı vurmaq istəyənlər var?
-Bura iri , nüfuzlu bir şirkətdir, – Çingiz səsini qaldırdı, – dedi – qodu məkanı deyi l! Biz vacib işlərlə məşğuluq !
-Bəli, – Könül udqundu , – mənim də demək istədiyim o idi…, – sözünə ara verdi, – sadəcə…
-Qalxın şöbəyə, – Çingiz ciddi görkəm aldı, – Lazımsız və yersiz suallarla vaxtımı almayın, – keçib yerinə əyləşdi, – o ki qaldı, şöbənin işinə…narahat olmayın. Özüm şəxsən nəzarət edəcəyəm., – sözünə ara verdi, – günün sonunda təhvil verilmiş işləri bir qovluğa yığıb Arzuya verin.
Arzunun adını eşitcək qızın gözləri böyüdü:
-Arzuya ?
-Bəli , – Çingiz nə isə yazmağa başladı , – Arzuya ! 
-O ki…təcrübəsiz…səriştəsiz…
-O çox savadlı , işgüzar , ləyaqətli kadrdır.Şirkətin işinə hamıdan artıq can yandırır , nüfuzunu öz nüfuzu hesab edir.
-Bəli…, – Könülün boğazı qurudu, – siz bilərsiniz. İcazənizlə…
-Gedin ! İşimiz çoxdur.
-Baş üstə , – deyib Könül yubanmadan otağı tərk etdi.
Dəhlizə çıxıb, divara söykəndi. Hönkürməmək üçün titrəyən əlləri ilə ağzını möhkəm tutdu. Ürəyinin döyüntüsü qulaqlarında eşidildi.Çevrilib iri güzgüdə özünə baxdı:
İlahi ! O necə miskin idi ! Necə köməksiz , naəlac görünüşü vardı. Hətta…gözləri də çuxura düşmüş, ifadəsini dəyişmişdi.Nə etməli? Əvvəlki hörmətini , nüfuzunu yenidən necə bərpa etməli? Çingizin etibarını necə qazanmalı? Mümkünmü?…Daxilindən gələn naməlum bir səs on “ Yox!” dedi. 
Dəhlizdə onu bu vəziyyətdə görməsinlər deyə, tələsik pillələri qalxıb, özünü şöbəyə yetirdi.
Nahar fasiləsi artıq başlamışdı. Şöbənin işçiləri ikibir – üçbir toplaşıb yeməkxanaya yollanırdılar. 
Şöbədə heç kim qalmamışdı. Könülün nə kimləsə danışmağa , nə də nahar etməyə həvəsi yox idi. Sanki…hər şey mənasını itirmişdi…Hər şey…İndi o, özü ilə tənha qalmaq, içini didib – parçalayan suallara cavab tapmaq istəyirdi.
Əlini uzadıb, masasının üzərindəki kiçik radionun düyməsini basdı. 
Çox sevdiyi bir müğənni məşhur bir mahnısını ifa edirdi:
Məni görmək üçün göz istəsəydin,
Kor qalıb, gözümü verərdim sənə…
Sevdirə bilmədim özümü sənə….
Özlüyündə dönə – dönə təkrarladı : “ Sevdirə bilmədim özümü sənə!…Sevdirə bilmədim…özümü sənə!”
Qız yanaqlarına süzülən göz yaşlarına hakim kəsilə bilmirdi. Aramsız axan damlalar boynunu, sinəsini isladırdı.


Ardı var.

Govher Rustamova
www.kafiye.net