Həsəd.
roman.( 54)

Çingiz işlərinin çoxluğundan evə gec döndü. Pillələri qalxa – qalxa “ Hə , görək anam nə xəbərlə gəlib ? “ düşünsə də , qapını açan olmadı. Belə görünürdü ki, Xavər xanım hələ də geri qayıtmayıb. Çingiz tələsik cibindəki açarla qapını açıb, içəri keçdi. Ev qaranlıq idi. Otaqların işığını yandırıb , ətrafa göz gəzdirdi: “ Qəribədir , – düşündü, – anamdan nə əcəb? Yubanan deyil , axşam düşüb, amma o , hələ də evə gəlib çıxmayıb.”
Fikirli – fikirli otaqda var – gəl edirdi ki, qapının zəngi çalındı.Çingiz tələsik dəhlizə keçib qapını açdı. Anasını görcək , dərindən nəfəs aldı:
-Uff…Çox şükür! Haralardasan? Yaman nigaran qoydun məni!
-Hə , – Xavər ayaqqabılarını çıxarıb içəri keçdi, – Həmişə sən məni gözlədib nigaran qoyursan , bu dəfə də mən səni….
-Adətən axşamlar heç yerə çıxmırsan, – Çingiz həyəcanını gizlətmədi.
-Düzdür , – ana divana əyləşib, arxaya söykəndi, – bu gün bir az…başqa gündür, – gülümsəyib oğluna baxdı.
Çingiz də gülümsədi:
-Deyəsən, gəzintiniz ürəyincə olub.
-Sənə hər şeyi yerli – yataqlı danışacağam, – deyib Xavər yerini rahatladı, – Arzunu yaxından tanıdıqca, ona hörmətim, məhəbbətim artır. Qıza doğma övladım kimi bağlanmağa başlamışam.
-Lap yaxşı, – Çingiz anasının yanında əyləşdi, – demək…
-Həə, – o məni də ovsunlayıb, – gözləri güldü, – işdən sonra onu dənizkənarı bulvara dəvət etdim. Əvvəlcə tərəddüd etsə də, naəlac qalıb razılaşdı. Yol boyu onunla səmimi söhbət etdikcə , həyəcanının , gərginliyinin azaldığını hiss edirdim,. – sözünə ara verdi, – əvvəlcə onu kafeyə apardım. Etirazına baxmayaraq, yemək sifariş etdim. Birlikdə , ana – bala kimi yemək yedik , çay içdik, – gözləri yol çəkdi , – bilirsən , həmişə qızım olmadığına heyfsilənir , deyərdim ki…kədərlənirdim. Həqiqətən də , oğulun öz yeri var , qızın öz yeri. Bu gün…nədənsə…mənə elə gəldi ki…Allah mənə qız övladı bəxş edib.Bu qızda nə qədər doğmalıq var…
-Səmimidir , olduğu kimi görünür, ona görə,- Çingiz anasının sözlərini təsdiqlədi , – bu , çox vacib keyfiyyətdir.
-Elədir , – Xavər sözünə davam etdi , – büruzə verməsə də , hiss edirdim ki , yorğundur. İşdən sonra təbii ki , evə gedib dincəlmək istəyir. Anasının da xəbərsizliyi onu narahat edirdi. Odur ki, gəzintiyə çox təkid etmədim. Təmiz havada bir qədər gəzdikdən sonra , skamyalardan birinə əyləşib , dənizi seyr etdik, – bir qədər fasilədən sonra, – Xeyli söhbət etdik. Arzu çox mədəni , qabiliyyətli qızdır. Özü ilə , ailəsi ilə bağlı nə qədər sual verirdimsə, hamısına səbrlə, məntiqlə,səmimi cavab verirdi.Üzündə, gözlərində o qədər məsumluq var ki…
-Yaxşı , bəs niyə bu vaxta qədər yubandınız ?
-Mən onu evlərinə ötürüb , geri qayığacaqdım. Amma Arzu razı olmadı.Çox xahiş etdi ki, onunla bərabər evlərinə qalxım. Açığı mən hadisələrin belə dönüşünə hazır deyildim. Amma Arzunun da sözünü yerə salmaq istəmədim. Məni anası ilə tanış etmək istəyirdi. Nə deyim…Bir də…düşündüm ki, məqamdır , qoy evləri , ailələri ilə də yaxından tanış olum. Bir də belə bir fürsət nə zaman olacaqdı…
-Mənim tədbirli anam, – Çingiz anasını qucaqladı, – gedib evlərinə qədər də çıxdınmı?
-Həə, – Xavər güldü , – getdim.
-Və…
-“ Və “ deyəndə ki…, – ana fikrə getdi , – onlar hqiqətən maddi sıxıntı içindədirlər.Evlərində səliqə – sahman , təmizlik olsa da …
-Aydın məsələdir…
-Anası bizdən az sonra gəldi , – Xavər sözünə davam etdi , – Onun gəlişinə qədər Arzu mətbəxdə əlinə keçən ərzaqlardan elə gözəl şam yeməyi hazırladı ki…Sən demə, lap uşaqlıqdan evin biş – düşü , səliqə- sahmanı onun boynuna imiş.., – sözünə ara verdi, – anasını çox böyük hörmətlə, ehtiramla qarşıladı.Üzündən – gözündən öpüb əzizlədi. Çox keçmədi ki , səliqəli bir şam süfrəsi hazırladı.
-Tanışlığınız ürəyincə oldumu?
-Hə , Arzu məni hörmətlə anasına təqdim etdi . Qadın əvvəlcə təəccüblənsə də , sonradan gülümsəyib, mənimlə çox mehribanlıqla öpüşüb – görüşdü, – üzünə kədər çökdü, – Yazığın üz – gözündən yorğunluq, iztirab yağır. Həyat onu çox incidib…
-Məncə , Arzunun bacısı da var.
-Hə , adı da Sevildir. Ali məktəbin birinci kursunu bitirir.İmtahanlara hazırlaşırdı. Mənimlə ağızucu salamlaşıb , otağına çəkildi. Heç şam süfrəsinə də əyləşmədi…Gərək ki, sabah ilk imtahanıdır.Olsun ki, həyəcanlıdır.
-Ola bilər.
-Anası sadə , mehriban , zəhmətkeş insandır. Mənimlə tanışlığına da çox sevindi. Mən də…- Xavər gülümsəyib, gözlərini qıydı, – öz növbəmdə , onları evimizə dəvət edəcəyimə söz verdim.
-Ay səni…, – Çingiz ucadan güldü, – deyəsən, yeni planlar hazırlanır axı…
Xavər də oğluna qoşulub güldü:
-Burda nə var ki? Qoy onlar da , evimizlə , ailəmizlə tanış olsunlar. Mehriban, səmimi münasibət yarandıqdan sonra…mətləbi açıb söyləyərəm, – nə fikirləşdisə, – həm də …atan da o vaxta qədər gəlib çıxar. Əvvəl onun xeyir – duasını almaq lazımdır.
-Əlbəttə, – Çingiz ciddi görkəm aldı , – atamın hər kəlməsi qanundur.
-Xeyirlisi!, – Xavər gülümsədi , – ürəyimdə yaxşı bir hissiyyat var. Tezliklə biz də muradımıza yetərik , onların da üzü gülər.
Arzu Xavər xanımı yola saldıqdan sonra mətbəxdə yır – yığış işləri ilə məşğul idi. Zəhra qızının süzdüyü təzədəm çaydan bir qurtum içib:
-Arzu , – dedi , – Xavər xanım mənim çox xoşuma gəldi. Olduqca mədəni , kübar bir qadındır. Amma qızım…
-Nə amma?, – Arzu dönüb anasına baxdı.
-Demək istəyirəm ki…
-Hə.
-Qızım, tanımadığın insanlarla tez münasibət qurmağa tələsmə. Gör aranızda nə qədər yaş fərqiniz var…
-Xavər xanımın mənimlə rəfiqəlik etmək fikri yoxdur , – Arzu güldü , – bayaq dedim axı, qızı bizim şöbədə işləyəcək.
-Sən onun qızını görmüsən ?
-Yoox, – Arzu fikrə getdi , – hələ ki, işə başlamayıb.
-Bax, görürsənmi, – Zəhra çayını içməyə davam etdi , – burda artıq bir sual yarandı.
-Ana , – Arzu təmkinini pozmadı , – nə sual? Özün də onun necə alicənab bir xanım olduğunu gördün.
-Qızım, – ana narahatlığını gizlətmədi, – alicənab olmaq hələ hər şey demək deyil. Açığı, tanımadığın bir qadınla maşına minib gəzintiyə getməyini, daha sonra onu evə dəvət etməyini bir qədər anlamadım. 
-Xavər xanım çox gözəl insandır, – Arzu əlindəki işi kənara qoyub, anasının yanında əyləşdi. Onda o qədər səmimilik , doğmalıq var ki…,. – anasına baxdı, – inanıram ki, biz ailəliklə bir – birimizə çox yaxın insanlar olacağıq. 
-Hə , mən də bunu hiss etdim, – Zəhra qızının dediklərini başı ilə təsdiqlədi , – görmüş – götürmüş xanımdır. Təki sən deyən kimi olsun, – gülümsədi, – sən mənim ağıllı qızımsan.
-Mən onu çox istəyirəm , ana. O da məni doğma balası kimi əzizləyir. Biz ilk görüşümüzdən bir – birimizin ürəyinə yol tapmışıq.
-Nə deyirəm, – Zəhra ayağa qalxdı, – mənim balamı əzizləyən , mənim də əzizimdir, – qızının üzündən öpdü, – gedim bir az dincəlim, – nə fikirləşdisə, – yaxşı, bəs…bəs Sevilin səsi niyə çıxmır?
-Sabah ilk imtahanıdır, – Arzu işinə davam etdi , – bu gün heç otağından çıxmayıb.Yəqin ki , həyəcanlıdır. Ona mane olmayaq.
-Yaxşı qızım, – Zəhra mətbəxdən dəhlizə keçdi , – qoy hazırlaşsın. Sən də özünü çox yorma, qızım. İşdən gəlmisən, dincəl.
-Yaxşı , ana. Narahat olma, – əllərini yuyub, quruladı.De görüm , bazar günü Xavər xanımgilə getmək fikrin varmı ?
-Nə bilim, – ana fikrə getdi , – əslində….tanımadığım…
-Gedərsən, tanıyarsan, – Arzu anasını qucaqladı.


Ardı var

Govher Rustamova
www.kafiye.net