Sevgi sanırsız

Əziz dostlarım və oxucularım, dəyərli həmkarlarım,mən keçən il də bu mövzuda şeir yazmışdım. Ay sizin başınıza dönüm, niyə şairləri başa düşmürsünüz? Bina-qədimdən ədəbiyyatımızda deyişmələr olub. Axı niyə bunu cürbəcür yerlərə yozub tərəfləri bezdirirsiniz? verilən rəylər nə qədər dost itgisinə səbəb olur. Xahiş edirəm, ya rəy verməyin, ya da adamı ruhdan salan
atmacalarınızla səhifəyə xələl gətirməyin.

İstəmirəm sözüm dava qoxusun,
Gəlin elə yazaq, hamı oxusun,
İzləyirəm gələn rəyin çoxusun,
Tərəfləri Leyli-Məcnun tanırsız, 
Niyə deyişməni sevgi sanırsız?…

Gəl, söz bağımıza çəkməyək çəpər,
Qoy gəlsin üz-üzə, kimdə var təpər,
Deyişmələr edib Dədə Ələsgər,
Natəvanın sözlərini danırsız?
Niyə deyişməni sevgi sanırsız?…

Bu da bir sənətdi, bu da yarışdı,
Bir sətir küsüdü, biri barışdı,
Bəzən sülhə dəvət, bəzən vuruşdu,
Eyhamlar eyləyib, nə qazanırsız?
Niyə deyişməni sevgi sanırsız?…

Biri araşdırır, digəri “duyur”,
Başqası “münasib” şəkil də qoyur,
Hiss edirəm bu rəylə məni söyür,
Tüstü bizdən çıxır, bəs nə yanırsız?
Niyə deyişməni sevgi sanırsız?…

İmkan verin sözlə gələk üz-üzə,
Dostlara yazırıq…Şərəfdir bizə,
Niyə hücum çəkirsiniz Çingizə?
Aşıq şeirini belə qanırsız?
Niyə deyişməni sevgi sanırsız?…

Çingiz Kürdəmirli.
www.kafiye.net