HƏSƏD  davamı ( 13 )

Tədricən hər şey yoluna düşür , əvvəlki axarı ilə davam etməyə başlayırdı.
Sevil səhər tezdən həvəslə geyinib – keçindi , ətirləndi , saç düzümündə də müəyyən dəyişikliklər etdi .
İndi ona nə buzlu yollar , nə də sərt , şaxtalı hava mane ola biməzdi . Tələsirdi …Onu görməyə , səsini duymağa…Varlığını hiss etməyə…
Yol boyu yalnız onu düşünürdü . Simasını təkrar – təkrar xəyalında canlandırırdı .
Arxadan gələn səs onu dayandırdı :
-Sevil !…Sevil ! …Dayan !…
Çevrilib arxaya baxdı . Nübar ayaqları altda xışıldayan buza əhəmiyyət vermədən , iti addımlarla ona tərəf irəliləyirdi .Qızın yaxınlaşmasını gözləyən Sevil isə kənardan onu süzür , özlüyündə “ İlahi , bu qız gündən – günə gözəlləşir ! …” düşünürdü .
Nübar təngnəfəs ona yetişdi .Şaxtadan ağ yumru yanaqları qıpqırmızı qızarmışdı .Sevilin üzündən öpüb qoluna girdi :
-Sabahın xeyir , əzizim , – tövşəyə – tövşəyə , – nə əcəb məni gözləmədin ?, – dedi . 
-Nə bilim…Dedim …Yəqin bu gün dərsə getməzsən , – atanın vəziyyəti ağırdır axı …
Nübar gülümsədi :
-Atamın vəziyyəti yaxşılaşır .Sabah reanimasiyadan palataya keçiriləcək , – sevincək rəfiqəsinə baxdı , – onu görə biləcəm . Bilsən , o günü necə həsrətlə gözləyirəm…, – azca kövrəldi , – atam mənim…
Metro həmişəki kimi adamla dolu idi . Qızlar işə , dərsə tələsən insan axınına qoşulub qatarın yaxınlaşmasını gözlədilər . Vaqona çətinliklə minib bir tərəfdə yerlərini tutdular . 
Qatar sürətlə şütüyür , hər ikisi susurdu . Fikirləri , xəyalları başqa – başqa yerlərdə idi ; Nübar tezlikiə atası ilə görüşəcəyi , boynunu qucaqlayıb , üzündən öpəcəyi barədə düşünərkən , Sevil Zauru görməkdən ötrü səbrsizlənir , onun diqqətini cəlb etmək üçün yollar axtarırdı .
Birdən gözü özü ilə rəfiqəsinin vaqonun pəncərəsindəki yanaşı əksinə sataşdı . Diqqətlə bir öz , bir də Nübarın əksinə baxdı . Qız öz xəyalları ilə başbaşa , gözlərini bir nöqtəyə dikib dayanmışdı . “ Hmm ,..əlbəttə , bahalı xəz , bahalı papaq …gözəl görünəcək də …” Gözlərini çevirib öz əksinə baxdı “ Bu da mən…Köhnə , nimdaş palto …rəngi bozarmış şərf …”.
Metrodan çıxıb dayanacağa gəldilər . Çətinliklə də olsa , avtobusa birtəhər minib instituta yol aldılar .
İnstitutun soyuq dəhlizlərində yenidən canlanma vardı .Bir neçə gün bir – birilərini görməyən tələbələr mehribanlıqla görüşüb , kef – hal edirdilər . Qızların ilk dərsləri fərqli otaqlarda olduğundan ayrılmalı oldular . Sonrakı mühazirədə isə eyni auditoriyada oturacaqdılar .
Sevil Nübardan ayrılan kimi gözü Zauru axtarmağa başladı .Özünü rəfiqələri ilə söhbətləşirmiş kimi göstərsə də , fikri dostları ilə deyib – gülən Zaurda idi .
Zəngin vurulması ilə tələbələr dəhlizlərdən auditoriyalara axışdılar . Hərə yerini tutub əyləşdi . 
Müəllim tələbələrlə salamlaşıb , dərsə başladı . Sevil müəllimi dinləyir , arabir başını çevirib Zaura da baxmağı unutmurdu . Zaurun isə adəti üzrə bütün diqqəti müəllimdə idi , hətta gizlicə onu dindirən dostlarına belə əhəmiyyət vermirdi . 
Gözü müəllimdə olub , fikri bir neçə yerə haçalanan Sevil xəyalında cürbəcür planlar hazırlayırdı . 
Tənəffüs olan kimi Zaurun ardınca dəhlizə çıxdı , bir neçə dəfə yanından o tərəf – bu tərəfə keçdi . Cəhdləri boşa çıxdı ; Zaur dostları ilə axşamkı futbolun nəticələrini qızğın müzakirə edirdi .
Sevil məyus halda keçib yerinə əyləşdi . Növbəti tənəffüsü gözləməyə başladı.
Zəng vurulan kimi Zaur cəld yerindən qalxıb dəhlizə çıxdı . Sevil vaxt itirmədən otağı tərk etdi . Dəhlizdəkilərin arasından hündür boyu ilə seçilən Zauru tapıb arxasınca düşdü . Zaur ətrafda heç nəyə fikir vermədən tələsik kitabxanaya doğru addımlayırdı . 
Kitabxanaçıya yaxınlaşıb əlindəki siyahını ona uzatdı , nəzakətlə lazımi kitabları əldə etmək üçün ona köməklik göstərməsini xahiş etdi . Yaşlı qadın gülümsəyib , kitabları axtarmağa başladı . 
Həmin vaxt digər kitabxanaçı qız Sevilə yaxınlaşdı :
-Sizi hansı kitablar maraqlandırır ? , – soruşdu . Kömək edə bilərəm.
Sevil çaşbaş qaldı :
-E…e… məni son zamalar yazılan bədii əsərlər maraqlandırır.
Qız gülümsədi :
-Bir neçəsini təklif edə bilərəm , – nəsə fikirləşdi , – dedektiv janrı xoşlayırsızmı ?
Gözü Zaurda olan Sevil cəld :
-Bəli , bəli , – dedi , – çox xoşlayıram , – Zaurun kitabxanadan çıxacacağını hiss edib , – mümkünsə tez verin , indicə zəng vurulacaq , – dedi .
Kitabxanaçı içəri otağa keçib, əlində iki qalın kitab geri döndü .Sevil qeyd kitabçasına tələsik imza atıb kitabxanadan çıxdı . Əlindəki kitabları maraqla gözdən keçirən Zaurun ardınca getməyə başladı . Bir azdan gəlib onun lap bərabərinə çatdı . Səyləri heç bir nəticə vermirdi …Zaurun başı kitablara elə qarışmışdı ki , yolu demək olar ki , gözüyumulu gedirdi .
Sevil sürətlə irəliləyib qarşı tərəfə keçdi . Kitablardan birini vərəqləyirmiş kimi , özünü məşğul göstərib , qarşıdan Zaura tərəf addımlamağa başladı . Və …qəflətən…onlar toqquşdular . Sevilin əlindəki kitablar yerə düşdü …

Ardı var .

 
Gövher Rustemavo
www.kafiye.net