HƏSƏD. davamı ( 11 )

Səhərə yaxın qar dayanmış , külək də xeyli sakitləşmişdi. Yollarda qartəmizləyən maşınlar işləyir, nəqliyyatın hərəkəti tədricən bərpa olunurdu .
Yuxudan ilk oyanan Nübar oldu . Əl – üzünü yuyub , çaydanı qaynamağa qoydu . Rəfiqəsini oyatmamaq üçün barmağının ucunda gəzir , sakitcə soyuducudan səhər yeməyi üçün lazım olan ərzaqları çıxarırdı .
Telefonun cingiltili zəngi eşidildi . Nübar cəld qaçıb dəstəyi qaldırdı ; Arzu idi . Xəstənin vəziyyəti ilə maraqlanırdı . Nübar ona minnətdarlıq edib , vəziyyəti qısaca anlatdı . Arzu eşitdiklərinə çox sevindi :
-Çox şükür , – dedi , – anam da , mən də narahat idik . Yaxşı ki , təhlükəli bir şey yoxdur , hamımız atana duaçıyıq . Allahın köməkliyi ilə sağalıb tezliklə evinə , ailəsinə dönər , – bir qədər fasilədən sonra , – bəs Sevil hanı ? , – soruşdu , – səsi gəlmir.
Nübar gülümsəyib , astadan :
-Sevil hələ oyanmayıb , – dedi .
-Hmm, adətən o erkən oyanır , nə əcəb bu vaxta qədər yatıb ?, – Arzu təəccübləndi .
Nübar güldü :
-Eybi yox , bir azdan oyanar . 
Arzu ilə sağollaşıb dəstəyi yerinə asırdı ki , Sevil yataq otağının qapısında göründü , Əsnəyib gərnəşdi :
-Yatıb yuxuya qalmışam , sən də səsini çıxarmırsan . 
Nübar onu qucaqladı :
-Eybi yox əzizim , özgə yerdə deyilsən ki…Öz evindəsən. Əl – üzünü yu , gəl birlikdə çay içib , çörək yeyək .
Çox keçmədi ki , qızlar birlikdə çay süfrəsinə əyləşdilər . Sevil özünü həqiqətən də bu evin bir üzvü hesab edir , heç nədən çəkinmirdi .
Qapının zənginə hər ikisi duruxdu . Nübar gözlükdən baxıb sevincək qapını açdı . Anası ilə dayısı evə keçdilər . Hər ikisinin üzündə yuxusuzluq , yorğunluq ifadəsi vardı . Nübar əvvəl anasının , sonra da dayısının üzündən öpdü . Ana da qızını bağrına basıb kövrəldi :
-Mənim balam…Gözəl qızım…, – gözləri doldu , – atanın yanına hələ ki , adam buraxmırlar . , Həkimlər məsləhət gördülər ki , evə gedib bir az dincələk .
– Hə , – dayısı əlavə etdi , – belə lazımdır qızım , anana kömək et . Çaydan – çörəkdən yeyib bir az yatsın. Səhərə qədər ac – susuz , yuxusuz qalıb . Mən də bir az dincəldikdən sonra yenidən xəstəxanaya qayıdacam . Nə lazım olsa , özüm həll edəcəm . Siz heç nəyə görə narahat olmayın .
Nübar dayısını qucaqlayıb üzündən öpdü :
-Sağ ol , dayı , – nə fikirləşdisə , – bəlkə elə burda dincələsən ?
-Yox qızım , – dayısı etiraz etdi , – evdəkilər də nigarandırlar , – Nübarın saçlarını tumarladı , – əsas ananın qeydinə qal , mənə görə narahat olma. 
Nübar bir söz deməyib , dayısı ilə razılaşdı . Onu yola salıb , anasını mətbəxə keçirdi . Sevili görən kimi Rəfiqənin üzü güldü :
-Sevil qızım da burdadır , – qızın ayağa qalxacağını hiss edib , – əyləş , qalxma qızım , – dedi , – rahat çayını iç , çörəyini ye , – Nübara tərəf baxdı , – mən əl – üzümü yuyub dincələcəm , siz rahat olun.
-Ana , dünəndən dilinə heç nə dəyməyib , – Nübar qayğılı görkəm aldı , – bizimlə bərabər səhər yeməyini ye , sonra dincəl .
-Yaxşı qızım , – Rəfiqə əllərini qurulayıb məhrəbanı Nübara verdi . Masa arxasına keçib əyləşdi . Təbəssümlə Sevilə baxdı :
-Çox sağ ol , qızım , – dedi , – Nübarı tək buraxmadın , bizə hayan oldun. 
Sevil çayının son qurtumunu içib ayağa qalxdı :
-Dəyməz , xala , – dedi , – başqa cür ola bilərdimi ? Nübar mənim bacımdır , – Rəfiqəyə yaxınlaşıb üzündən öpdü , – siz dincəlin , mənsə evimizə gedim .
Rəfiqə də onu qucaqlayıb öpdü . Nübarın təkidinə baxmayaraq, Sevil evlərinə getməkdə israrlı idi.
Əynini geyinib hər ikisi ilə sağollaşdı . Pillələri enib həyətə çıxdı . Axşamkı havadan əsər – əlamət yox idi . Günəşin ilıq şüası qarı tədricən yumşaldıb əridirdi . Mülayim , təmiz , xoş bir hava vardı . Kölgəliklərdəki yollar möhkəm buz bağlasa da , gün düşən yerlərdə irəliləmək nisbətən asanlaşmışdı. Yollarda da ara – sıra minik maşınları görünməyə başlamışdı .
Sevil sinə dolusu nəfəs aldı , qardan sonra təmizlənən saf havanı ciyərlərinə çəkdi .Asta – asta addımlayaraq , yaşadıqları binaya tərəf getdi . Dünəndən yaşananları yol boyu özlüyündə götür – qoy etməyə başladı . Yenə də o qənaətə gəldi ki , həyat onlara qarşı haqsız və ədalətsizdir… 
Bacısını gülər üzlə qarşılayan Arzu , onun qaşqabaqlı əhvalından bir şey anlamadı :
-Niyə bikefsən , Sevil ?
-Bilmirəm , – qız köks ötürdü , – darıxıram…yollar təmizlənsəydi …, – bacısına baxdı , – ev çox cansıxıcıdır…
Arzu gülümsədi :
-Belə de… bir neçə günə hər şey qaydasına düşər , sən də öz dərslərinə gedərsən .
Sevil sakitcə otağına keçdi . Öz dediklərini özlüyündə təkrarladı : “ Darıxıram…Ev çox cansıxıcıdır”…Hə , darıxırdı …Daxilində özünün də baş açmadığı bir hiss vardı …Bəli , darıxırdı …Özü də çox…Aman Allah , bu nə idi ? Doğrudanmı….

Ardı var .

Gövher Rüstemavo
www.kafiye.net