Dodağına
(Təkrar)

Səni necə vəsf eləyim, bilmirəm,
Gözlərim dikilib qız, dodağına,
Əldə qələm, bir qərara gəlmirəm,
Yazsam yaraşarmı, söz dodağına?..

Baxışların mənalıdır, dərindir,
Ürəyin doludur, zözün həlimdir,
Yanağın al, dilin yaman şirindir,
Azacıq səpələ duz, dodağına.

Ürək düşündüyün, bəzən o danır,
Etiraf etməyə, çünki utanır,
Vüsal həsrətiylə alışıb-yanır,
Elə bil basılıb köz, dodağına.

İki kəlmə söz gəlibdir sinəyə,
Barmağım, sığallı telinə dəyə,
İcazə ver, qərq eləyim busəyə,
Düşsün dodağımdan, iz dodağına.

Götürə aradan hər ədavti,
Xuda bəxş eləyə bu səadəti,
Pıçıldayam qulağına, xəlvəti,
Arabir toxuna, üz dodağına….

Səni bir yol görən necə unudar,
Vücudun dünyanı etdi mənə dar,
Deyirlər, “hər gözdə bir çanaq qan var”,
Sayıq ol, dəyməsin göz dodağına.

Məhəbbət daş olub düşə başına,
Sanma, Çingiz məsləkindən daşına,
Dönük dövran zəhər qatsa aşına,
Axıt göz yaşını, süz dodağına…

Çingiz Kürdəmirli

www.kafiye.net