Gələcək

Kredit də narkotik kimi şeydir,
Bir dəfə öyrəşdin, dalı gələcək,
Badəyə süzülən şeytani meydir,
Bir səfası, min zavalı gələcək.

Bu da bir qumardır, adı başqadır,
Reklamında gedən “zadı” başqadır,
Oynaş öpüşünün dadı başqadır,
Qırx gün keçməz, qalmaqalı gələcək.

Biznes üçün qoyma evi girov, sən,
Bank ovçudur, sən sadəcə bir ovsan,
Faiz köçürmənin şərtini pozsan,
Zurnası, həm tar-qavalı gələcək.

Başında beynin var, sinəndə ürək,
Düz düşünüb, seçim edəsən gərək,
İlin on bir ayın, tapsan şor-çörək,
Martı gözlə, şorqoğalı gələcək.

Qürrələnmə, pul əlinə dəyəndə,
Həyatın puç olar, ödəməyəndə,
Məhkəmə, əmlakı möhürləyəndə,
Yanlarında “Rüstəm Zalı” gələcək.

Elə yan ki, kor olma öz tüstünə,
Dərdini de, varsa əgər, dostuna,
Bankdan betər, bil ki, sənin üstünə,
Əzrayıl da dar macalı gələcək.

Aldığını verirsənsə ikiqat,
Necə sevindirir səni bu həyat,
Çox dedilər, başa düşmədin, heyhat,
Çingizin də ərzi – halı gələcək.

Çingiz Kürdəmirli
www.kafiye.net