GƏLMİŞƏM 

Rəbbim ,Səndən “neçin-nədən “sorulmaz,
Sevən aşiq sevdasından yorulmaz.
Bəla gəlsə cananından ,darılmaz
Dərya verdin, durulmağa gəlmişəm,
Dünya verdin ,barınmağa gəlmişəm.

Dörd ünsürdən mayalanıb tutuldum,
O cahandan bu cahana atıldım,
Bəni adəm cərgəsinə qatıldım,
Cism adında libasa bürünmüşəm
Yaradana qul olmağa gəlmişəm.

Allahın əmrinə quldu mələklər,
Çün Adəmə səcdə qıldı mələklər,
Tanrının alqışın aldı mələklər,
İblisi Adəmə düşmən görmüşəm,
Yeddi qat göylərdən enib gəlmişəm.

Göylər əzəl yerim ,ünvanım mənim
Mənzilim, məskənim ,məkanım mənim 
Aləmlərin Rəbbi Sultanım mənim.
Sınaq dünyasına göndərilmişəm,
Dünyadan əl üzmüş sufi dərvişəm.

Qulun tövbəsini ağa bağışlar,
Muhamməd rəsülüllaha bağışlar,
5 pak nura-sirrullaha bağışlar,
Günahlardan arınmağa gəlmişəm,
Quranına sarılmağa gəlmişəm.

Könül fərmanına durub müntəzir,
Şah olan könüldə gəda nə gəzir?
Aləmlərin Rəbbi- Şahi-Muqtədir.
Dəryasında dürr olmğa gəlmişəm,
Dünyasında sirr olmağa gəlmişəm.

Tamara Rüstamova Tənha Bulud
(4 ünsür-torpaq, hava, od ,su.)
www.kafiye.net