HƏSƏD. davamı ( 10 ) 

Nübar yerindən sıçrayıb cəld dəstəyi qaldırdı :
-Alo !…Alo !
-Qızım , mənəm , – Rəfiqənin səsi gəldi , – burda , xəstəxanadayam .Dayıların da yanımdadır .
Nübar bir qədər toxtasa da , həyəcanını gizlədə bilmədi :
-Çox narahatam , ana . Bəs…bəs atam… , – sanki sözünü sona çatdırmaqdan qorxurdu , – atam…
-Atan böyük bəladan qurtardı , qızım , – ana köks ötürdü , – Allahın bizə rəhmi gəldi , – özünü ağlamaqdan zorla saxladı , – vəziyyəti ağır imiş …Mən gələnə qədər təcili əməliyyata götürüblər , – sözünə ara verdi , – indi reanimasiyadadır. Yanına heç kimi buraxmırlar . Dayın həkimlə görüşüb vəziyyəti yerli – yataqlı öyrəndi …Şükür Allahın böyüklüyünə , atan…yaşayacaq, qızım ! , – bu dəfə özünü saxlaya bilməyib hönkürdü , – həkimin dediyinə görə artıq həyatı üçün heç bir təhlükə yoxdur .
Nübar dərindən nəfəs aldı :
-Şükür , ana ! Min şükür ! , – gözlərindən fasiləsiz axan yaşı sildi , – Allah böyükdür ! Atam bir kimsəyə iynə ucu boyda da olsa , pislik etməyib .
-Hə , qızım . Elə hamı onu deyir . İş yoldaşları , eşidən – bilən, hamı bu çovğunda bura axışır.Hərə bacardığı köməkliyi göstərmək istəyir .Bir bilsən , onun xətrini istəyən , qəlbən ona yaxın olan nə qədər insan var !…Nə qədər təkid etsəm də , bir adam yerindən tərpənmir . Bütün işçiləri mənimlə bərabər reanimasiyanın qarşısındadırlar .
-Sağ olsunlar . Nə yaxşı ki , zəng vurdun , ana . Nigarançılıqdan bağrım çatlayırdı . Kaş mən də səninlə bərabər xəstəxanaya gedəydim . Bilsən …bilsən dərddən üzülə – üzülə , əlacsız halda , hər dəqiqə , hər saniyə xəbər gözləmək necə çətindir …, – yenidən gözləri doldu , -üstəlik də …sənin ora necə gedib çıxacağının dərdi…
-Yaxşı adamlar çoxdur qızım. Evdən bir qədər aralanmışdım ki , bir maşın asta sürətlə mənə yaxınlaşdı. Qonşu imiş , ailəliklə hardansa gəlirdilər . Yoldaşı mənə cəld maşına əyləşməyi təklif etdi .Əvvəlcə tərəddüd etsəm də , qadını tanıyıb ürəkləndim , – sözünə ara verdi , – vəziyyəti qısaca anladanda isə , maşın dövrə vurub xəstəxanaya yol aldı . Yol boyu özümə yer tapa bilmirdim.Sürüşkən yolda qadınlı , uşaqlı bir maşın məni xəstəxanaya çatdırmaq üçün özünü təhlükəyə atmışdı . Həyəcanımı hiss edən qonşu : “ Bacı , – dedi , – Rəhimin mənim boynumda dağ boyda haqqı var ! Mən nə onu , nə də yoldaşını dar ayaqda qoya bilmərəm !”
Nübar :
-Allah köməkləri olsun ! , – bir qədər fikrə gedib , – ana , bəs…sürücü ? , – dedi .
– Onun vəziyyəti atana nisbətən yüngüldür . Maşın atan tərəfdən zərblə çırpıldığına görə , atan daha ciddi xəsarət alıb , – köks ötürdü , – o yazıq da imkansız adamdır , atan həmişə ona əl tutub . Tək adam böyük bir külfəti dolandırır . Dayıların onun da müalicə xərclərini öz üzərilərinə götürdülər. 
Nübar dərindən nəfəs aldı :
-Şükür ki , təhlükə sovuşdu .
-Hə , qızım . Elə ona görə növbətçi həkimdən telefonu alıb zəng vurdum ki , rahatlayasan . Hər şey yaxşı olacaq , mənim balam . İndi isə yat , dincəl …Tək – tənha oturma .
-Tək deyiləm , ana . Sevil yanımdadır , – Nübar mehribanlıqla rəfiqəsinə baxdı. Xəbəri eşidən kimi bura gəldi , gecəni mənimlə qalacaq .
Rəfiqə eşitdiyinə təəccübləndi :
-Doğrudanmı ? , – gözləri güldü , – bax görürsən , Sevil əsl rəfiqədir . İnsan həmişə dar ayaqda tanınır . O da səni tək qoymadı , afərin ! İndi ürəyim sakitləşdi , sən heç vaxt evdə tək – tənha qalmamısan …
-Narahat olma , ana . İndi də tək deyiləm .
-Yaxşı , qızım . Həkimə telefon lazımdır . Hələlik səninlə sağollaşıram .Heç nəyə görə fikir çəkmə . Artıq gecdir , yatın . Sabah yenə səninlə əlaqə saxlayacam .
Nübarın danışıqlarından Sevil təhlükənin sovuşduğunu artıq anlamışdı . Amma yenə də özünü qayğıkeş kimi göstərməyi lazım bildi :
-Nə xəbər var , Nübar ?
Nübar anasından eşitdiklərini ona ətraflı danışdı . Yataq otağına keçib hər ikisi üçün yer salmağa başladı . 
“ Əlbəttə , – Sevil düşündü , – varlılara heç nə olmur …Nə olursa, kasıb yazığa olur “ .
Yerindən qalxıb yataq otağına keçdi . Nübarın səliqə ilə hazırladığı çarpayılara baxdı.
Rəfiqəsi işini bitirib gülümsədi :
-Hə , indi iki bacı yatıb dincələk . Səhər anam yenə zəng vuracaq .
Sevil bir söz deməyib əynini dəyişdi . Nübarın ona verdiyi gecə köynəyini geyinib , dümağ yatağa uzandı . 
İşıqlar söndü . Hər ikisi gözlərini yumdu …Amma …heç biri yata bilmirdi . Hərə öz aləmində idi ; Nübarın bütün fikri atası ilə anasının yanında , Sevilinsə…
Aradan bir qədər keçdi . Sevil gözlərini açdı . Gecənin qaranlığında Nübara tərəf baxdı . Özlüyündə “ Həə , – düşündü , – sənin atan qəzadan çıxdı , kömək edəni , qeydinə qalanı da çoxdur…amma mənim atam …qara torpağa getdi…nə qayğımızı çəkən oldu , nə də qeydimizə qalan …”
Çöldəsə külək aramsız vıyıldayır , gecənin sükutunu pozurdu…

Ardı var

 

Gövher Rüstemavo
www.kafiye.net