HAKİMLƏRİN HAKİMİNƏ 

Dərdlərimi tək-təl yazıb vərəqə,
Hakimlərin Hakiminə göndərdim.
Dərya dilə gəldi, qopdu qasırğa
Küləklərlə göyə sovruldu dərdim.
Hakimlərin Hakiminə göndərdim.

Kəlmələri cənnət kimi qoxuyan,
Kitabını ayə-ayə oxuyan,
Sevgisindən nurlu ilmə toxuyan
Duaları Göyün üzünə sərdim,
Hakimlərin Hakiminə göndərdim.

Millətimə tutulan divanları,
Gənc yaşda ömrünə qıyan canları,
İçimdə boğulan ah-fəğanları
Gözü yaşlı bir buluda döndərdim,
Hakimlərin Hakiminə göndərdim

Dərin quyularda ilişib qalan,
Gümanlarda itən ,azıb yorulan,
Zülmün girdabında qanadsız qalan
Ümidimə bir cüt qanad da verdim,
Hakimlərin Hakiminə göndərdim.

Tənha Bulud dərdi dərdlə kirirdir,
Qara günlər vicdanların kiridir,
Fikir dərdi, dərd ürəyi əridir….
Pərişan ruhuma nizam gətirdim , 
Hakimlərin Hakiminə göndərdim.

Tamara Rustamova TƏNHA BULUD /”Xəzinə-2″ dən

www.kafiye.net