HƏSƏD  davamı ( 8 ) 

Arzunun üzünün ifadəsi dəyişdi . Narahat baxışlarla bacısına baxdı :
-Anlamadım. Nə olub ? Kim ağlayır ?
Sevil halını pozmadan :
-Heç , – dedi , – varlı rəfiqəmə kədər üz verib, – asta addımlarla otağına tərəf yeridi.
-Sevil ! , – Arzu ciddi görkəm aldı , – düz – əməlli anlat görüm nə olub !
-Dedim ki , elə bir şey yoxdur , – Sevil masanın üstündəki almanı götürüb iri dişlədi , bacısının sual dolu baxışlarından azacıq da olsa kefini pozmadan , – Nübarın atası qəzaya düşüb , – dedi , – vəziyyəti ağırdır .
Arzunun gözləri böyüdü :
-Nə danışırsan? Necə ? Harda ?
Sevil kinayə ilə gülümsədi :
-Sən niyə həyəcanlanırsan ki ? Qəza hamının başına gələ bilər , – bacısının gözlərinə baxdı , – hətta varlıların da…
Arzunun qaşları çatıldı , baxışları sərtləşdi .Bacısının etinasız davranışı ona hansısa serialdakı mənfi qəhrəmanı xatırlatdı . 
-Sevil , – dedi , – hər şeyi yerli – yataqlı danışa bilərsənmi ?
Sevil əlindəki almanı yeyə – yeyə , soyuqqanlılıqla Nübarla arasındakı telefon söhbətini olduğu kimi danışmağa başladı . Zəhra da , Arzu da onu təlaş içində dinləyirdilər . Hərdən də bir – birlərinə çaşqınlıqla baxırdılar .
Sevil sözünü bitirər – bitirməz Arzu onun əlindəki almanı alıb acıqla bir kənara atdı :
-Nübar sənin ən yaxın rəfiqəndir , – dedi , – səni doğma bacısı bilir .O ailə səni öz üzvü hesab edir . O evdə həmişə özünə qarşı diqqət , qayğı görmüsən . Bəs sən ? ….Sən nə edirsən ?
-Səsini qaldırma ! , – baxışlarını kənara çəkdi , – mən nə edə bilərəm ki ?
-Sənin yaxın rəfiqən dara düşüb ! Ailəyə bədbəxtlik üz verib ! Sən bunu anlayırsan ? 
-Anlayıram , amma …əlimdən heç nə gəlmir .
Onun sakit , təmkinli danışığı Arzunu təbdən çıxardı :
-Sən ən azından onun yanında olmalısan ! Dərdinə şərik çıxmalısan ! Yaxşı günlərində yanında olduğun kimi! , – pəncərədən çölə baxdı , – yazıqlar başlarını itiriblər …, – baxışlarını düz Sevilin gözlərinə tuşladı , – sən belə qansız deyildin , Sevil ! , – nə düşündüsə , – geyin ! , – dedi .
Sevilin duruxduğunu görüb : 
-Geyin , – səni Nübargilə ötürəcəyəm , – dedi . Gecəni orda qalacaqsan , rəfiqənin yanında .
-Bacın düz deyir , – Zəhra söhbətə qarışdı , – qız uşağı evdə tək – tənha qalıb . Ata ağır halda , ana yazıq bu çovğunda çöllərdə …Arzu haqlıdır , qızım . Onu tək qoymaq olmaz .İsti geyin , səni onlara ötürək . Nübarın yanında ol , onu darıxmağa qoyma .
Sevil könülsüz halda otağına keçib , əlinə keçən isti geyimlərini geyindi . Nübargilin binasına tərəf baxdı . Uğuldayan küləyin pəncərəyə çırpdığı qar dənələrinin arasından onların pəncərəsi güclə seçilirdi . Otaqlarının işıqları yanırdı .
-Hə , gəl , yubanma , – Arzunun səsi gəldi , – gedək , səni lap qapıya qədər ötürəcəm , – deyib yun şərfini bağladı , uzunboğaz çəkmələrini geyindi .
-Bəs özün tək necə qayıdacaqsan , qızım ?, – Zəhra narahat oldu .
Arzu mehribanlıqla anasına baxdı :
-Darıxma ana , evləri qarşı binadadır .Sevili ötürüb tez geri dönəcəm.
Qızlar geyinib evdən çıxdılar .
Zəhra cəld pəncərənin qarşısına keçdi .Çox çəkmədi ki , qızlar göründü . Ana həyəcanla onları izləməyə başladı .Qızlar qol – qola girib üzü küləyə doğru çətinliklə addımlayırdılar . Yerdəki qarı sovuraraq , amansızlıqla üzlərinə , gözlərinə çırpan küləyə qarşı müqavimət göstərməyə çalışırdılar.
Nəhayət , qızların qarşı binaya çatdıqlarını görən Zəhra bir qədər sakitləşdi .
Qızlar ayaqlarının qarını çırpıb pillələri qalxdılar . Sevil qapının zəngini basdı .İçəridən Nübarın qorxu ilə həyəcan qarışıq səsi eşidildi :
-Kimdir ?
-Mənəm Nübar , qorxma , Sevildir . 
Sevilin səsini eşitcək Nübar ürəkləndi . Cəld qapını açdı . Rəfiqəsini görüncə kövrəldi . Sevilin boynunu qucaqlayıb hönkürdü :
-Nə yaxşı gəldin , Sevil ! Bağrım çatlayırdı .
Sevil özünü qayğıkeş göstərib :
-Sakit ol , əzizim , – dedi , – darıxma , bu gecə səninlə qalacağam. Birlikdə xəstəxanadan xəbər gözləyəcəyik .
Nübar minnətdarlıqla ona baxıb gözlərinin yaşını sildi :
-Çox sağ ol , Sevil . Sən əsl dostsan , – Arzuya baxıb ,- qapıda dayanmayın , içəri keçin , – dedi.
Arzu onu qucaqlayıb öpdü :
-Darıxma , Nübar , – dedi , səbr et , – qolundakı saata baxdı , – gecdir , – dedi , -siz birlikdə qalın , mən evə dönüm , anam narahatdır .
Nübar nə qədər təkid etsə də , içəri keçmədi . Qızlarla sağollaşıb pilləkənləri endi . 
Boynundakı şərfi üz – gözünə bürüdü .İti addımlarla binalarına tərəf irəliləməyə başladı . 
Pəncərədən ona həyəcanla baxan Zəhra özlüyündə “ Mənim ağıllı , tədbirli qızım , – düşündü . Allah səni qorusun ! , – nə fikirləşdisə , qaşları çatıldı , – amma Sevil…”

Ardı var .

Gövher Rüstemova 
www.kafiye.net