HƏSƏD. davamı ( 6 ) 

Nəhayət növbəti mağazanın satıcısı , gülərüz bir xanım mehribanlıqla onları qarşılayıb , münasib qiymətə son dəbə uyğun bir neçə don təklif etdi .
Qızlar çəhrayı rəngdə gözəl bir don , ona uyğun ayaqqabı seçib evə döndülər.
Gözlənilən gün gəlib çatdı .Hər iki ailə sevinclə yanaşı , həm də həyəcanlı anlar yaşayırdı .Qızlar həyatlarının yeni mərhələsinə qədəm qoyurdular .İndi onları yeni ab – hava , yeni tanışlıqlar gözləyirdi .
Ali məktəbin qarşısında böyük bir izdiham vardı .Qəbul olmuş tələbələr siyahılarda öz adlarını axtarır , təyin olunduqları qruplarla maraqlanırdılar .
Sevil ilə Nübar başqa – başqa qruplara düşsələr də , mühazirələrdə eyni auditoriyalarda oturacaqdılar .Bu , onları bir qədər məyus etsə də , qərarla razılaşmaq məcburiyyətində idilər . Dərs cədvəlləri də demək olar ki , çox fərqli deyildi .
Çox keçmədi ki , Ali məktəbin müəllim kollektivi , eləcə də rəhbərliyin nümayəndələri tələbələrin qarşısına çıxdı . Onlar bu təhsil ocağının əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verdikdən sonra , “ tələbə “ adını qazanmış hər bir gənci təbrik edərək , gələcək təhsillərində onlara uğurlar arzuladılar .
Beləcə , qızların tələbəlik həyatı başladı .
İlk günlər hər şey qaydasında gedirdi . Qızlar əvvəldən qərarlaşdırdıqları kimi instituta birlikdə gedib – gəlir , dərslərini birlikdə hazırlayırdılar . Rəfiqə onlar üçün hər bir şərait yaratmışdı . Sevili öz qızından ayırmırdı . Sevil də bu ailəyə çox alışmışdı . Əvvəlki sıxıntılarından əsər – əlamət qalmamışdı . Nübargilin evində özünü çox rahat hiss edirdi . Hər şey ürəyicə idi . Amma…
Axşamlar öz evlərinə dönüncə əhvalı dəyişirdi . Bu evdə hər şey onu qıcıqlandırırdı . Nübarın zəngin ailədəki qayğısız həyatının şahidi olduqca , özünün yoxsul həyatına nifrəti günbəgün artırdı . Özünü zahirən Nübara , ailəsinə yaxın , doğma adam kimi göstərsə də , daxilən onların heç bir uğuruna sevinmir , əksinə məyus olurdu .
Nübar isə bütün bunlardan bixəbər idi . Sevili həqiqətən də özünə bacı hesab edir , bacardığı qədər qayğısını çəkirdi . Gözünü dünyaya açandan evdə, ailədə səxavət , əliaçıqlıq görən bu qız ətrafında olan hər kəsə mehribanlıqla yanaşırdı . Bu xüsusiyyəti onu çox qısa müddətdə tələbə yoldaşlarına da sevdirmişdi . Hamı dərslər arasındakı fasilələrdə onun başına toplaşar , yaxın münasibət qurmağa çalışardı .Nübar da öz növbəsində onları anasının səliqə ilə büküb qoyduğu növbənöv şirniyyata qonaq edərdi . 
Qrup nümayəndəsinin seçilməsi məsələsi müzakirəyə qoyulduqda isə hamı yekdilliklə Nübarın namizədliyini irəli sürmüşdü . Müəllimlər də bu mehriban, istiqanlı qızı hamıdan fərqləndirir , ona xüsusi rəğbət bəsləyirdilər .
Bütün bunları kənardan seyr edən Sevil isə üzdə gülümsəsə də , daxilən başqa hisslər yaşayırdı . Özlüyündə : “ hmm, eynən məktəbdəki kimi , – düşünürdü , – hər yerdə , hamıdan üstündür …Hamıdan yaxşı oxuyur , hamıdan yaraşıqlıdır , hamıdan gözəl geyinir , hamının sevimlisidir…Axı niyə ? Ona görə ki , vəzifəli şəxsin qızıdır ? Ən bahalı geyimlər geyinib , ən bahalı ətirlər vurur ? Zəngin ailədə yaşayır ?…Niyə həyat onu hər şey ilə mükafatlandırıb?”
Suallar çox …Cavabı isə …ona bəlli deyildi .
Beləcə , həftələr , aylar bir – birini əvəz edirdi . 
Qış çox soyuq gəlmişdi .Fasiləsiz qar yağır , şaxta , sazaq adamın iliyinə kimi işləyirdi . 
Sevili axşamdan fikir götürmüşdü ; əyninə geyinməyə isti heç nəyi yox idi . Köhnə uzunboğaz çəkmələrini , rəngi solmuş paltosunu gözdən keçirib , acıqla evin bir küncünə tulladı : ” Sabah Nübar təpədən – dırnağa qədər təzə geyimdə gələcək , mən isə …” Acığından dişlərini bir – birinə sıxdı .” Onunla yoldaşlıq mənə ancaq acılar yaşadır ! Onun yanında necə də miskin görünürəm…! Nə vaxta qədər belə olacaq ? Yoox , mən öz üstünlüyümü sübuta yetirməliyəm ! Təslim olmayacağam ! “
Bacısının o yan – bu yana vurnuxduğunu , tez – tez pəncərədən boylandığını görüb duruxdu :
-Nə olub ? Nədən narahatsan ? 
-Anama görə narahatam , – üzü qəmgin ifadə aldı , – yazıq bu havada evə necə gələcək ? Yollar buz bağlayıb , nəqliyyatın hərəkəti dayanıb…
-Narahat olma , birtəhər gələcək …Bax , mən səhər necə gedəcəyəm , əynimə nə geyinəcəyəm , bu , çox maraqlıdır .
Arzu kinayə ilə ona baxdı :
-Nəyin var , onu da geyinəcəksən .Azğınlıq etmək vaxtı deyil . Oxuyub , işləyərsən , ürəyin istədiklərini də alarsan .
Qapı ehmalca döyüldü . Arzu cəld qapıya qaçdı . Soyuqdan tir – tir əsən , əl – ayağı buz tək donmuş Zəhra özünü tələsik evə saldı . Şaxtadan hətta ağzındakı dilini belə güclə tərpədərək :
-Evə güclə gəlib çıxdım , – dedi , – nəqliyyat işləmir , bu qarda – çovğunda hamı piyada gedir …İrəliləmək çox çətindir . 
Arzu anasını qucaqlayıb , donmuş əllərini ovucları arasına aldı . Nəfəsinin hərarəti ilə isitməyə çalışdı :
-Şükür , ana ! Sağ – salamat gəlib çıxdın , sənə görə çox narahat idim . Gəl , mətbəxə keç , isti çay iç , bədənin qızınsın.
Zəhra minnətdarlıqla qızına baxdı :
-Sağ ol , qızım . Evə gələndə , sizi görəndə hər şeyi unuduram , – ətrafa boylandı , – bəs Sevil hanı ?

Ardı var .

Gövher Rüstemova
www.kafiye.net