Baş daşı
(təcnis)

Bir zəmanədəyik, nə var satılır,
Gəl belə dövranda, indi baş daşı*,
Nə olsun ki, çoxu daldan atılır,
Hədəf olur sonda, tutur baş daşı.

Biri ac…Birinin gözün tutub var,
Nələrə xərclənir bu dövlət, bu var?!
Diqqət etsən, qəbristanda məzar var,
Bir rayonun büdcəsidir baş daşı…

Qış da keçir, həsrət qalıb qara bağ,
Boynumuza xub yaraşar, “qara bağ”,**
Dünya bilir, bizimkidir Qarabağ,
Siyasətdə, oyundadır baş daşı.

Çingizəm, deməyə sözüm var üzə,
Niyə xoşa gəlmir, de sözümüz,- ə…!
Qulp qoyarsa, hər gələn sözümüzə,
Keçəlləşib, qalmayacaq “baş”da “Ş”ı….***

*Baş daşı – Baş çıxar
** Qara bağ – Dar ağacı ipi
***Bu ifadə dilimizdəki sözləri dəyişmək
istəyənlərə aiddir.

18. 02. 2018.
Çingiz Kürdəmirli
www.kafiye.net