QADIN SİRLİ DÜNYADIR… 35 -ci bölüm.

Axşam əl-ayaq çəkiləndən sonra özləri üçün də yaxşı şirni stolu açıb samovar çayı dəmlədilər.Birlikdə çay içə-içə nişan təəssüratlarını bölüşdülər.Elşən süfrədəki növbənöv şirniyyata baxıb bacısına söz atdı:
-Bəh-bəh,sənin bu şirnini bir ay gecə-gündüz yesək, qurtarmaz.
-Yeyin,yeyin,qədrimi sonra biləcəksiz,-deyib Gülnar da söz altda qalmadı.Amma… əsl şirni yeyəsi adamlar qalıb axı…
– Kimdir o əsl şirni yeyəsi adamlar?,-Elşən marağını gizlətmədi.
-Nazim əmi,Mayisə xala…
Süsən ata-anasının adını eşidəndə ürəyi uçundu.Kəndə gəldiyi bu müddətdə bir dəfə də olsa,Bakıya gedib ata-anası ilə görüşmək istəyini nə Gülnara,nə də Elşənə bildirməmişdi.Amma şəhər üçün də,onlar üçün də çox darıxırdı.Gecənin sakitliyində,gözünə yuxu getməyən vaxtlarda ata evindəki qayğısız günlərini,tələbəlik illərini,rəfiqələrini xatırlayıb kövrəlirdi.Anası üçünsə lap burnunun ucu göynəyirdi…
Elşən çaydan bir qurtum içib Süsənə baxdı:
-Süsənin ideyasıdır,yoxsa birdən ağlına gəldi?,-deyib nəzərlərini Gülnara tərəf çevirdi.
-Süsən bu barədə bir dəfə də olsun,söz salmayıb,..amma insaf da yaxşı şeydir.Ata-ananı övlada,övladı ata-anaya həsrət qoymaq da düz deyil.Qış idi,yollar buz bağlamışdı,gediş-gəliş çətin idi,anladıq.İndi şükür,üzü istilərə gedir.Etiraz etməsən,Süsənlə bir neçə günlüyə Bakıya,Mayisə xalagilə gedərdik.Novruzqabağı onları da sevindirərdik..Həm də, şirni paylarını şəxsən çatdırardıq.
Gülnarın bu söhbətinin qarşılığında Elşənin deyəcəyi bir söz qalmadı:
-Nə deyirəm,getmək məsləhətdirsə,gedin.Amma çox yubanmayın.
Süsənin sevincdən dili-dodağı əsdi:
-Çox sağ ol,Elşən…Yubanmarıq…Gülnarın toyuna da hazırlıq görməliyik axı…3-4 gün qalıb qayıdarıq.
Elşən çayının sonuncu qurtumunu da içib ayağa qalxdı:
-Yaxşı,siz söhbətinizi edin,mən də dincəlim,-deyib yataq otağına keçdi.
Gülnar Süsənə göz vurub,astadan:
-Hə, necədir,gedirik?,-dedi .
Süsənin sevincdən gözləri yaşardı:
-Səndən bir dənədir,-Gülnar.Allah səni mənə çox görməsin!,- deyib onu möhkəm qucaqladı.Elşənə qalsa,mən ata-anamın üzünə həsrət qalacaqdım…
Gülnar özünəməxsus tərzdə güldü:
-Ay qız ,kişilərdə o düşüncə hardadı?Qadın gərək siyasətçi olsun,sözü elə yerdə,elə məqamda desin ki,kişinin danışmağa yeri qalmasın.Öyrən də…
İkisi də ucadan güldü.Elşən:
-Vəssalam,qoşuldular bir-birinə,-deyib otağın işığını söndürdü.
Qızlar stolun üstünü,mətbəxi səliqəyə salıb yatmağa getdilər.Gülnarı yuxu tez apardı,xoş nişan təəssüratları ilə dərin yuxuya getdi…Süsən isə…Hisslərin ağuşunda çapalayırdı,bir tərəfdən həkimin dedikləri onu rahat buraxmır,digər tərəfdən ata-anası ilə görüşmək sevincindən qanadlanırdı…
Mart bu yerlərə əsl bahar nəfəsi gətirmişdi.Təbiətin əsrarəngiz mənzərəsi də,hava da,quşların cəhcəhi də yazdan xəbər verirdi.
Süsən Elşəni yola salsa da ,evə keçmək istəmirdi.Səhərin təmiz havası onu valeh edirdi.
-Həə,kəndin əsl gözəlliyi bundan sonradır,-deyib Gülnar da həyətə endi.Süsəni öpdü:-De görüm,sevindiyindən yata bildinmi?
-Yox bacı,elə gözümü yuman kimi ata-anam gəlib durdu gözümün qabağında.
-Elə isə,hazırlaşaq.İş-gücümüzü elə rahatlayaq ki,sabah Elşəni yola salan kimi özümüz də Bakıya yollanaq.
-Hazirlaşaq,Gülnar,hazırlaşaq,-deyib Süsən balaca uşaq kimi atılıb – düşdü.
-Bilirsən nə düşünürəm?,- Gülnar çoxbilmiş görkəm aldı.Gəl Mayisə xalaya heç nə deməyək .Qoy gəlişimiz onun üçün gözlənilməz olsun.
-Nə deyirəm,olsun!,- deyib Süsən Gülnarla razılaşdı.
Ardı var.

Govher Rustamova
www.kafiye.net