Unutmaq istədiyim xatirə…

Yaxın qohumum avtobusa minəndə gözü qarşı tərəfdə oturmuş qıza sataşdı. Qız oğlana, oğlan qıza bax-baxa bir-birilərinin ürəklərinə yatdılar. Avtobusdan düşəndə oğlan qıza yaxınlaşdı, nömrə verdi. Bir müddət danışdılar. Sonra qızın şəklini göstərdi mənə. Elə bilin Araşla duet oxuyan Ayselin bir balaca sarışın variantıydı. Qızın gözəlliyinə söz ola bilməzdi. Qohumum o vaxt tələbəydi. Bir gün qohumum dedi ki, bəs, Şəfi qız xəstədir, ömrünə az qalıb. Çox pis olmuşdum. Başında xərçəng var, ailəsiylə Moskvaya getməlidir. O gecə qızla özüm danışdım. Üstəlik, bacım da danışdı, anam da telefonla danışmasa da salam göndərəndə eşidirdi. Qıza təsəlli verirdim. İnsanlara qarşı həssas olsam da, həyata qarşı soyuq və biganə olduğumu məni tanıyanlar məndən yaxşı bilir. Rusiyaya gedəndə də qız mənə zəng edirdi, amma gizli yığırdı. Konturun qurtarar deyirdim, nömrəni yaz, mesajlaşaq. Danışıb qurtarandan sonra da həmişə ağlayardım. Bir-iki gündən sonra cin nömrəsindən zəng vurdu, təəccübləndim.

– Nə yaxşı gəlmisən? Sağaldın?
Vay-vay, yadıma indi də düşəndə tüstü təpəmdən çıxır. Dedi, yox, Türkiyədəyəm. Moskvadan məni Türkiyəyə göndərdilər. Əməliyyat burda olacaq. Qohumumla evlənməkdən söz saldı. Dedim, qız, sağal, ailə hələ qabaqdadır. Həm də oğlan oxuyur. Bu işləyəsi, özünə şalvar alası, çox var.

Qısası, bu qızı güldürmək üçün ayrı vaxtı məndən soruşanda danışa bilmədiyim lətifələri hardan tapıb danışırdım, bilmədim, amma danışırdım. Güldürməyi də bacarırdım. Özünü tərifləmək kimi çıxmasın, dərdli adamı güldürüb dərdsiz kimi hiss elətdirmək, əzəldən canımda var. Qıza görə cin nömrə almalı oldum. Hər gün mənimlə danışırdı. Qohumumla gecələr danışırdı. Dedi, Moskvada əməliyyat olanda, bacım deyir, qohumunun adını sayaqlamışam. Atamgil də bildi. Atam əsəbləşdi ki, bu oğlan kimdir, sayaqlayır? Bacım susdu. Sağalım, qismət olsa, evlənərik
Qısası, dalağım sancdı.Sonra qohumum dedi ki, bu qız bu hayda ancaq evlənməkdən danışır. Dedim, fikir vermə, evliliklə bağlı heç nəyə ümidləndirmə. Sağalsın, bəlkə xasiyyətiniz tutmadı?

Qızın dediyinə görə Tibb unibersitetinin dördüncü kursunda oxuyur, anası semaşkoda ginekoloq şöbəsində işləyir. Qohumum sonra anasının, atasının adını demişdi. Soyadını da söyləmişdi. Axşam qız yenə zəng elədi mənə. Evlənib-evlınməməklə bağlı qohumumun fikrini soruşdu. Dedim, qadası, sən axı hələ müalicə alırsan. Üstəlik, tələbəsən. Oğlanın da imkanı hələ yoxdu evlənməyə. Sən sağalası, oğlan işləyəsi, hardasa, 4-5 il lazımdır. Yaxşıdır da, neçə illik sevgi tarixçəniz olacaq. Sonra oturub uşaqlarınıza danışacaqsız. Qayıdasan ki, nə olsun, nişanlı qalarıq. Dedim, Allah qoysa. Nə xeyirlidirsə, o olsun. Sağollaşana yaxın dedi, sabah saar 8- də əməliyyat olmalıyam. Həkim dedi ki, əmiliyyatdan sağ çıxmaya da bilərəm. Dedim, bacın qohumumun nömrəsini bilir? Dedi, hə. Dedim, mənim də nömrəmi ver bacına. Ya da bacının nömrəsini ver, mən əlaqə saxlayım. Dedi, telefonumun zaryatkası qurtarır, bir azdan yazaram. 


Bir saatdan sonra zəng elədim, telefonuna zəng çatmadı. Səhər saat beşdə yatmışdım. Başqa vaxt oyana bilmirdim yuxudan, o gün necə oldusa düz saat 8 yarısı gözümü açdım. Telefona cumdum, qıza zəng elədim. Yenə zəng çatmadı. Qohumum da, mən də bir həftə gözlədik, xəbər çıxmadı, zəng çatmadı.

Qohumum qızın ev nömrəsini də, mobil nömrəsini də polis dostuna verdi. Sağ olsun, məlum oldu ki, nömrə Gəncədən olan kişinin adına dır. Ev telefonundan ünvanı öyrəndik.
Ardı var….

Qohumumun imtahanı olduğundan ünvanı dəftərimin arxa tərəfinə yazdım, səhər 9-dan çıxdım evdən. Qızın zəng elədiyi ev telefonundan bilirdim Elmlərdə yaşayır. İlk yalanını burda öyrəndim. Biz başqa ünvan bilirdik. Eləmədim tənbəllik birinci küçəni, sonra binanı soruşa-soruşa axırda tənginəfəs qapının ağzına çatdım. Qapını döydüm, gec açdılar. Qurşaqdan yuxarı çılpaq bir kişi qapını açdı. Təsəvvür eləmərsiz, utandığımdan bilmədim nə edim. Kişi qaşqabaqlıydı. Belə başa düşdüm ki, yuxusundan oyatmışam.

– Nə lazımdır?
– Salam dayı. Bağışlayın, bu vaxt narahat etdim. Evdə xanım var?
Kişi mənə necə baxdı, bilmirəm, mən başımı aşağı salmışdım. Qapı üzümə örtüldü. Quruyub qalmışdım. Bilmədim gedimmi, yoxsa təzədən qapını döyümmü. Qapını xanım açdı üzümə.
– Salam xanım.Vallah, sözü hardan başlayım. Mən sizin qızınızla telefonda danışmışam ( əslində, ev telefonuyla təkcə qohumumla danışıb). Deməli…
Xanım sözümü ağzımda qoydu.
– Səhv ünvana gəlmişən. Bizim uşağımız yoxdu.
Məcbur qalıb ev nömrəsini dedim. Dedi, nömrə bizimdir, amma səhv gəlmisən.
İmkan vermədi, nəysə deyim, qapını üzümə çırpdı. İlk sevgimin uğursuzluğunda bu qədər pərt olmamışdım. Qapını ikinci dəfə döyməli oldum. Qadın qapını hirslə açdı.
– Xanım, onda qohumladdan kimsə sizə qonaq gəlib, onla danışmışam. Qız rak idi. Birinci Moskvada, sonra Türkiyədə əməliyyat oldu.
– Ay qız, başa düşmürsən, səhv ünvana gəlmisən?
– Axı, nömrə sizin nömrədi? Özünüz dediz.
Qadın heç nə demədi, qapını ikinci dəfə üzümə çırpdı.
Kor-peşman küçəyə çıxdım. Binaya girəcək cavan oğlanı saxladım.
– Qardaş salam. Burda yaşayırsız?
Oğlan salamımı alandan sonra orda yaşadığını təsdiqlədi. Qızın adını dedim, tanımadı. Ata-anasının adını dedim, tanımadı. Axırda xahiş elədim ki, heç olmasa jekin yerini mənə göstərsin. Sağ olsun, məni jekəcən yola saldı.

Bəxtimdən jekdə işləyən orta yaşlı kişi də oğlan kimi nəzakətli çıxdı. Yalan danışmalı oldum, qızla telefonda tanış olduğumu, xəatəliyini isə, olduğu necə vardısa danışdım. O ərazidə yaşayan insanların siyahısını qoydu qarşıma, mən dediyim adamların heç birinin adı-soyadına rast gəlmədim. Təbiətcə möcüzə yaradacağıma inanan o qədər inadkar insanam ki, gərək qarşı tərəf də bunu gördü, ikinci dəfə adların üstündən keçməli oldu. Yenə də qəşəngcə aldandığımızı dərk elədim. Elə adam da mənə məsləhət gördü ki, yaydı, get evə, aldanmısan. Səni gün vuracaq.

Sağollaşıb, Elmlərə gəldim. Dörd peraşki yeyib, ayran içəndən sonra birbaşa Tibb universitetinə gəldim. Gözətçi polisə yaxınlaşdım. Dayı mənlə gülərüzlə salamlaşdı. Dayıya hər şeyi olduğu kimi danışdım. Ürəyi yandı yanmağına, amma dedi ki, qızım, səni aparacam, dekanın yanına. Xəstəliyə görə təhsilini donduran tələbələrin siyahısını çalışacam göstərsin sənə. Amma sizi o qız aldadıb.

Aldanmağımı çoxdan bilirdim, amma tərsliyimə salmışdım bu dəfə. Dekanın yanına getdik, vəziyyəti başa düşdü. Xəstəlikdən altı tələbənin təhsilini dondurduğunu dedi və siyahını mənə göstərdi. Qızın adı, soyadı çıxmadı. Kor-peşman universitetinin həyətinə polis dayıyla düşdüm. Dayı da mənə məsləhət gördü, qızım, istidir. Gün vuracaq səni, get evinə.
– Yox dayı, semaşko qaldı. Ora da dəyəcəm, sonra evə gedəcəm.
Dayı güldü.
– Allah saxlasın səni. Başa düşmürsən ay bala, o qız sənə yalan danışıb?
– Nə bilim dayı. Bu qədər yalan olar?

Dayı nömrəsini mənə verdi ki, qızım, qohumum semaşkoda işləyir. Evə gedim, zəng edim, qızın anasını soruşacam. İndi gedəcəksən, bilmirsən səni kim qarşılayacaq. Çıx get evinə. Özünü həlak eləmə.

Gəzməkdən, aldanmaqdan düzü halsız düşmüşdüm. Kefim də yox idi. Dayını nəyi var yola verməli oldum. Nömrəsini aldım, axşam zəng edəcəyimi dedim. 

Sağollaşandan sonra semaşkoya getdim. Ginekoloq şöbəsinə girdim. Bilmirdim kimə yaxınlaşım. Qarşıdan dolu bədənli, ağ xələtli xala gəlirdi. Salamlaşdım, qızın anasının adını deyib soruşdum. Dəqiq qadının onların şöbəsində işləyib-işləmədiyini soruşdu. Bilmirəm dedim. Sağ olsun, məni iti qovan kimi qovdu. Qovduğu üçün dalaşmağa halım da yox idi. Hardan baxsaq, səhv çıxan mən olacaqdım. Xəstəxananın həyətinə çıxdım. Qadının hərəkətindən gözüm dolmuşdu. Doğuş şöbəsinin qabağınacan gəldim. Ağ xələtli, hündür, yaşı təxminən 50-60 olardı, kişi mənə yaxınlaşdı, salam verdi. Könülsüz salamını aldı.
– Nəysə olub?

Allahdan gözümə karandaş çəkmımişdim. Gözümün yaşını sildim. Bu adda qadın axtardığımı dedim. Mərdimazar insan deyiləm, ağ xələtli qadının məni qovduğunu demədim. Özünü təqdim elədi, şöbə müdiri olduğunu, mənimlə gəl dedi. Kadrlar şöbəsinə gedənəcən haqqımda suallar verdi, mən də cavablayırdım. Kadrlar şöbəsində məni bir xanıma tapşırdı ki, necə lazımdır kömək eləsin. Xanım baş üstə dedi, sonra nəinki ginekoloq şöbəsində, dediyim qadının adını heç digər şöbədə də tapmadı. Aldandığımı qadın da üzümə vurdu. Elə dolmuşdum, bir çırtmaya ağlamağa hazır idim. Hamamda suyun altında hönkürtüylə ağlayanda anam qapının ağzında eşidib narahat olmuşdu. Qapını döyürdü açım, açmadım. Niyə ağladığımı soruşdu, ürəyimu boşaldıram dedim. Bu qədər aldanmaq, qoyun yerinə qoyulmaq yer elədi mənə. Sonra hər şeyi anama, sonra qohumum oğlana danışdım. Sonunda bir şeyi anladım. Əslində, qürurlu qız xəstə halıyla özünü hansısa oğlana sevdirməyə çalışmaz, lap sevdirməsə də, oğlanla tanış olub, onu vicdanının zərbəsi altında qoymaz. Kim olur olsun, xəstə halında canının hayında olar. Danışdıqları ana-atası, tək qalanda da inandığı Tanrı ola bilər. Zamanla unutmaq əvəzinə, daha da təsir elədi mənə. Bu qədər mərhəmətli olduğum üçün özümdən zəhləm də getdi. O qıza nifrətim bugün də var. Üstündə on ildən çox vaxt keçsə də…rəfiqələriylə mənim və qohumumun hissləriylə oynadığı üçün nə qədər güldüklərini təsəvvür edirəm. Yenə də sağ olsun. Əsl həyat dərsi öyrətdi bizə….

Son

Şefaqet Cavanşirzade
www.kafiye.net