Aşıq

( Aşıqlıq sənətinə hoqqabazlıq yaraşmaz!)

Nə müddətdir əlində saz gəlirsən,
Adət, ənənəyə uyğun çal, aşıq.
Yoxsa, sazı özününkü bilirsən?
Diqqət edir bu boyda mahal, aşıq…

Saz dədə-babanın yadigarıdır,
Elin namusu, qeyrəti, arıdır,
Sənətkarın sevgilisi, yarıdır,
Şamanlıq eyləmə, açma fal, aşıq.

Müqəddəsdir saz, – yaxın tut ürəyə,
Qürrələnmə, əlin çatıb çörəyə,
Belin sınar, uzadarlar xərəyə,
Xeyir verməz belə qalmaqal, aşıq.

Göstərib özünü, ulu “zat” kimi,
Guya ki, xalqı qoyursan mat kimi,
Ağlın olsun, minmə sazı at kimi,
Az incit yazığı, ver macal, aşıq.

Avandına, gah tərsinə tutursan,
Yerə dirəyirsən, göyə atırsan,
Təlxəkliyə sənət deyib, satırsan,
Nə cavan bəyənir, nə də “çal”, aşıq.

Ay zavallı, göbək nədir, saz nədir,
Kökləndiyin “aryental” avaz nədir, 
Bu sənətə vurduğun o “paz” nədir,
“Həmzad”ın var, ya aparıb “hal”, aşıq ?!

Saz çalanlar olub, səndən çox əvvəl,
Papaq qoy qarşına, düz qərara gəl,
Çingiz deyir, oxu, öyrən müfəssəl,
Etmə vücudunu payimal, aşıq.

Çingiz Kürdəmirli

www.kafiye.net