Sevgimiz

Məhəbbət anlamı tamam dəyişdi,
O gündən ki, artdı pula sevgimiz,
Yavaş-yavaş ayağımız sürüşdü,
Başımıza oldu bəla sevgimiz.

Nə qız başa düşür, nə oğlan qanır,
Günü-gündən ağır anlar yaşanır,
Altı evlənəndən, beşi boşanır,
Niyə gəlibdir zavala sevgimiz?….

Biz ki kef əhliyik, ritmimiz oynaq,
Bir himə bəndik ki, tamam soyunaq,
Dırnaq manikürdə, saçımız qaynaq,
Bilmir başın necə yola sevgimiz…

Gözlərdə intizar, baxışlar soyuq,
Sanki sinəmizdə yaranıb oyuq,
Qızlar xəbər tutub, düşüncə duyuq,
Yönəlir qocaya, dula sevgimiz…

Dodağın dərdi var…Ağlamır, gülmür,
Linzasın çıxarıb, gözünü silmir,
Ümidin Allaha bağlaya bilmir,
Üz tutur caduya, fala sevgimiz…

Bu elə yaradır, sağalmaz izi,
Hər gün artır yoluxmanın faizi,
Düşündürür bu zavallı Çingizİ,
Salır ayrı cürə hala sevgimiz…

Çingiz Kürdəmirli.
www.kafiye.net