Dəysə

İkisindən birisi yeksan olar, baş başa dəysə,
Əbədi yadda qalar, ya buruna, ya qaşa dəysə…

Neçə başda buraxıb iz, vurulan şillə-qapazlar,
Səs çıxar asimana, daz başa yumruq qoşa dəysə.

Dilimizdə olan “hörmət” sözünü, dərk eləməkçün,
Kifayətdi bir dəfə, əlin əgər “daşbaşa” dəysə.

Ac gözə, yalan dilə, kar qulağa xidmət edirsə,
İçindən beyin çıxarmı, belə bir baş daşa dəysə!?

Nanəcib dövran edib çoxlarını gözləri yaşlı,
Bərk yumun, açılmasın, rəhmə gələr göz…Yaşa dəysə…

Hamılıqla baş əyərdik ol kəsin ruhu önündə,
Cismi qəbrə gömülən, vücud əgər “başdaşa” dəysə.

Vardır imkanlılar indi, alıb imkanları əldən,
Dubaya uçar dalınca, gözü gər bir “quşa” dəysə.

Məclisə sonda gəlir aş, belə bir adətimiz var,
Dadını bilməyəcəkdir, çün ağız, dil aşa dəysə.

Çingizəm, sözlərimi tuşlamağa çox hədəfim var,
Əksəri məmnun olar, ol hədəfə birbaşa dəysə….

11. 11. 2017.
Çingiz Kürdəmirli.
www.kafiye.net