ƏBÜLFƏZ ÜLVİ  DÖNÜŞƏ YOL VAR
(Nəzirə)

Gözləmə yolumu , bəlkə gəlmədim,
Bu yolun deyəsən dönüşü yoxdur.

Nahidə Tağıyeva

Deyirsən gözləmə, bəlkə gəlmədim,
Bu yolun deyəsən dönüşü yoxdur.
Sənin gedişinə mən ki, gülmədim,
Əlim ki, göydədir, enişi yoxdur.

İzini izimlə izləyəcəyəm,
Burax bu hikkəni, çağa deyilsən.
Mən sənin yolunu gözləyəcəyəm,
Sən ki, yol ağası, darğa deyilsən.

Deyirsən gözləmə, oluram üzgün,
Kim deyir bu yolun dönüşü yoxdur? 
Sən mənim qəlbimə qayıtmaq üçün,
Qəlbimin yolundan genişi yoxdur.

Olma qürurunun qürursuz qulu,
Haqq danış, haqqa da dəstəyin olsun.
Gəl sənə göstərim mən dönüş yolu,
Təki sənin buna istəyin olsun.

Artırma özünə günah, suç yükün,
Suç ovub ümidi, döndərər quma. 
Yol da var, iz də var qayıtmaq üçün,
Sən allah yolların babalın yuma.

Soyuyar sevdaya yağdırdıqca qar,
Sevgidə ocaq ol, niyə sönüksən?
Nəyə yol yoxsa da, dönüşə yol var,
Dönə bilmirsənsə, özün dönüksən.

22.09.2017.
Nahide Tağiyeva Qurbanov
www.kafiye.net