Ancaq sən oxu!

Mən kimə inanım,Allahım,kimə

Bilinmədi iman nədi,din nədi?
Kim məhrəmdi,naməhrəmdi,kim nədi?
Səslədim,səsimə dağ-daş dinmədi,
Sağ da,sol da döndü,oldu tərsinə,
Mən kimə inanım,Allahım,kimə?

Bu nə vərdiş,bu nə gərdiş,nə işdi?
Ət dırnaqla,dırnaq ətlə əyişdi,
Mərd namərdə mərdi satdı,dəyişdi,
Yer də,göy də sanki düşdü tilsimə,
Mən kimə inanım,Allahım,kimə?

Şər verdi hökmünü,artdı yaman da,
İtdi and-aman da,itdi iman da,
Bu tufanda,fırtınada,dumanda
Day,almadı atlar mərdi tərkinə,
Mən kimə inanım,Allahım,kimə?

Bilinmədi birincidi kim indi?
İç də,çöl də oldu sarı sim indi,
Dərd dərdin,qəm qəmin üstünə mindi,
Yol qalmadı nə dərmana,həkimə,
Mən kimə inanım,Allahım,kimə?

Dilə zəhər,damağa zəy dad oldu,
Hörmət də,izzət də quru ad oldu,
Ana unuduldu,ata yad oldu,
Day,yan baxdı kişi kişi börkünə,
Mən kimə inanım,allahım,kimə?

Bilinmədi alov nədi,his nədi,
Kim altdadı,kimi ondan üstədi…
Qız anası ərdən pasport istədi,
Day,kişilik durammadı dikinə,
Mən kimə inanım,Allahım,kimə?

Bu nə arzu,bu nə güman,umuddu?
Bilinmədi şordu,lordu,quruddu,
Ər arvad yanında sarısın uddu,
Day,getmirəm bundan yaman bərkinə,
Mən kimə inanım,Allahım,kimə?

Ay Məzahir,de,kim kimi anladı?
Xoruz yumurtladı,toyuq banladı,
Daha yaşamağa meyil qalmadı,
Mən kimə inanım,Allahım,kimə?
Mən kimə inanım,Allahım,kimə?

Məzahir İsgəndər
www.kafiye.net