Ötən Günlər

Görünməyə yer gəzərdim,
Düşünməyə sirr gəzərdim.
Beş itirib, bir gəzərdim,
Ötən günlər, ötən günlər.

Xoşa gəlsə sözüm bir az,
Açılardı üzüm bir az.
Havalıydım özüm bir az,
Ötən günlər, ötən günlər.

Uğuruma daş yağardı,
Əllərimi qəm sıxardı.
Hara girsəm şən çıxardım
Ötən günlər, ötən günlər.

Nəm içində nəmlənməzdim,
Dəm içində dəmlənməzdim.
Qəm içində qəmlənməzdim
Ötən günlər, ötən günlər.

Əlimizdən çıxdı getdi,
Ömrümüzdən axdı getdi.
Evimizi yıxdı getdi
Ötən günlər, ötən günlər.

Aygün Hüseyn
www.kafiye.net