Zamanın Ovcundan
Zamanın ovcundan tökülür illər,
Biz də arxasıyla yığıb gedirik.
İçimiz sığışmır bu gen dünyaya,
Kiçik bir daxmaya sığıb gedirik…
Zamanın qılıncı ülgücdən iti,
Kim gəlib döş- döşə , kim döyüşəcək?
Dünyaya gəlməklə nəyi dəyişdim,
Dünyadan gedəndə nə dəyişəcək?
Toplayın daşları atın dalımca,
Kiməsə atmağa bir daş qalmasın.
Axı Tanrı özü sevib dünyanı ,
Yaradıb İnsanı, Yer boş qalmasın…
Arxadan gələnlər gəlib çatdılar,
Tapdayır, itirir iz-izimizi.
Aldana -aldana bu yaşa çatdıq,
İndi də aldadaq öz- özümüzü…
Ağrılar, acılar oldu yükümüz,
Hər adam hər yükü daşıya bilmir.
Ağrıya o qədər alışır adam,
Sonra da ağrısız yaşaya bilmir…
Cavenşir Esger
www.kafiye.net





