
Salam, dostlar! Mənim səhhətimlə maraqlanan yoldaşlara demək istəyirəm ki, narahat olmasınlar, hələ ki, hər şey yaxşıdır, sadəcə, əsəblərim dözmədiyinə görə Fesbuxa nəzər yetirə bilmirəm. İndi bir cızma – qara da paylaşıram ki, salamat olduğuma əmin olun..))
Yatağında
(təcnis)
Vaxt var idi təbim seltək,
Hayqırardı yatağında,
İndi paslı qılınc kimi,
Məcbur olub yata qında.
Olmur əsil şairdə var*,
Gündəmdədir şair – davar,**
Tüstülənən şair də var…
Sübhə kimi yatağında.
Bax millətə…Bəh!.. Əri*** var,
Niyə böylə bə, xəri**** var?
Hər bitkinin bəhəri var…
Ya budaqda, ya tağında.
Guya ki, sən də yazardın,*****
Kim deyər ki, ta yaz ardın?
Onsuz da hədyan yazardın,
Bəsdi, Çingiz, yat ağında!******
Var* – Dövlət, pul
Davar** – Heyvan.
Əri*** – İgidi.
Xər**** – Eşşək.
Yazardın***** – yazıçı idin.
Yat ağında****** – öl, öldüyün yerdə.)))
09. 04. 2020.
Çingiz Kürdəmirli.
www.kafiye.net




