Şair Ömrü
Bir damcını dəniz edər,
Bir çınqılı dağ eyləyər şair sözü.
Bir bülbülə nəğmə olar,
Xəzanlığı gül-çiçəyə bürüyərək
Bağ eyləyər şair sözü.
Dirək olar yerlə göyə,
O, Tanrının nidasıdır.
Mayasıdır həqiqətin,
Ədalətin sədasıdır.
O qələmin qılınc edər,
Qalxan edər əsərlərin.
O bir zirvə yolçusudur,
Qanad edər şeirlərin.
Şair könlü bir ulduzlu asimandır,
Parıldayar, zülmətlərə işıq saçar.
Şair fikri min hikmətli bir qıfıldır,
O qıfılı ilhamıyla şair açar.
Şair ömrü xalqın yükün
Ürəyində daşımaqdır.
Fərqi yoxdur: Ya diriykən, ya ölüykən
– Şair ömrü baxışlarda, dodaqlarda,
Ürəklərdə yaşamaqdır.
18 fevral 2015
Qanun Ümman Qahabli
www.kafiye.net





