
OYADAYDIN
Səhərlərin mehi kimi,
Çəmənlərin şehi kimi,
Sevgimizin behi kimi,
Məni öpüb oyadaydın!
Gecələrə edib vida,
Öpüşlərin dada – dada,
Nəfəsini uda – uda,
Ağuşunda oyanaydım!
Gözüm açıb səni görcək,
Bilərdim ki, sevgin gerçək,
Açılaydın ləçək – ləçək,
Ətirinə boyanaydım!
Nəfəsimlə içə çəkib,
Ətirinlə ürək əkib,
Gözlərinə gözüm dikib,
Baxışında yuyunaydım!
Bu sevdada çimə – çimə,
Vida deyib dərdə, qəmə,
Çıxıb zilə, düşüb bəmə,
Vüsalından doymayaydım!
Təvəkkül Goruslu. 15. 07. 2019.
www.kafiye.net




