Şair ve Yazarların Buluşma Sayfası

Govhar Rustamova

HƏSƏD. ( roman) 84

Email :4


HƏSƏD. ( roman) 84

-E…necə…necə yəni…Çingiz özü…-Zəhra çaşbaş qaldı, -nə danışırsınız?Elə şey olar?
-Niyə olmur?Biz ki, yad adamlar deyilik.Bu, əslində elə Çingizin öz ideyasıdır.
– Mən…həyatım boyu nə etmişəmsə…yalnız öz qüvvəmin hesabına etmişəm…heç vaxt , heç kimdən kömək ummamışam,-Zəhranın gözləri doldu,-ən çətin vaxtlarımda belə …hətta doğmalarıma ağız açmamışam.
-Mən bütün bunları bilirəm,əzizim Zəhra xanım,-Xavər onu qucaqladı,-məqsədim də sizi kövrəltmək,yaranızı təzələmək deyil,inanın mənə.
-Xavər xanım doğru deyir,- süfrəyə qulluq edən Sevil bişirdiyi şirniyyatdan kəsib qonağın nimçəsinə qoydu,-burda bir qəbahət yoxdur.Ev gec-tez təmir olunmalıdır.
Söhbətin gözlənilməz məcraya yönəldiyindən mətbəxdə çaşbaş qalmış Arzu özünə də çay süzüb sakitcə otağa keçdi.Gəlib anasının lap yaxınlığında oturdu.Məhəbbətlə onun saçlarına sığal çəkdi:
-Sən dünyanın ən fədakar anasısan,-dedi,-qəm yemə.Mən bu barədə çoxdan düşünürəm,işə başladığım ilk gündən.Aldığım hər əməkhaqqımdan müəyyən qədər də kənara qoymuşam.,-mehribanlıqla Xavərə baxdı,-biz Çingizlə yeni layihə üzərində işləyirik.Şirkət onu xarici dövlətə təqdim edib və uğur qazanıb.Bu layihə həyata keçdikcə şirkətimizə xeyli gəlir gətirəcək və əməkhaqlarımızda kifayət qədər artım olacaq.Düşünürəm ki…yaxın vaxtlarda evimizin yüngül də olsa,təmirinə başlaya bilərik.
“İlahi,bunlar nə qədər mərd insanlardırlar,-Xavər özlüyündə düşündü,-heç kimin qarşısında gözükölgəli olmaq istəmirlər.”
-Həəə….Çingiz o layihə barədə mənə danışıb,-gülümsədi,-təki hər işiniz uğurlu olsun qızım,-sözünə bir qədər ara verdi,-biz də kənar adam deyilik,-Zəhranın əllərini tumarladı,-əgər Arzu mənim balamdırsa,demək Çingiz də sizin,yəni bu evin oğludur.
-Əlbəttə,-Sevil stəkanına limon saldı,-su girdi qaba,oldu içməli.
Zəhra ona gözünü necə ağartdısa,cəld özünü toparladı.
-Məqsədimiz iki gəncin xoşbəxtliyidir,-Xavər yenidən sözə başladı,-onların səadəti elə hamımızın səadətidir.Qalan məsələlər tədricən öz həllini tapacaq.
-Elədir,-Zəhra köks ötürdü,-əsas məsələ odur.
-Odur ki,düşünün,daşının,təklifimizi götür-qoy edin.Məncə pis olmaz.Mənzil tam hazır,qurulu mənzildir.Hər bir şəraiti var.Həm də mənə yaxın olarsınız.Axşamlarımızı birlikdə keçirərik.Kişilərin başı işə qarışıq olduğundan mən də tək qalıb darıxıram.Bir-birimizə həyan olarıq.
-Nə deyim vallah…sizə artıq yük olmarıqsa…
-Siz bizə ən əziz adamlarsınız,-Xavər çantasını götürüb ayağa qalxdı,-heç vaxt elə düşünməyin.Biz bir ailəyik.Problemlərimizi də birlikdə həll etməliyik.İcazənizlə mən gedim,yəqin ki,sürücü artıq məni gözləyir.
-Buyurun Xavər xanım,-Zəhra da ayağa qalxdı,-gəlişinizlə şərəf verdiniz.
Qızlar da ayağa qalxıb qonağın ardınca dəhlizə keçdilər.
Xavər hər biri ilə mehribanlıqla görüşüb öpüşdü.Qapıdan çıxanda Zəhranı təkrar qucaqlayıb:
-Dediklərim barədə yaxşı düşünün,-dedi,-Çingizin xətrinə dəyməyin.
Qonağı hörmətlə yola saldıqdan sonra hər üçü otağa keçdi.Qısa aradan sonra Zəhra Arzuya baxdı:
-Sən nə deyirsən qızım?
-Nə deyəcəyəm…,-qız cavab verməyə tələsmədi.
-Hər şeyi niyə bu qədər şişirdib böyüdürsünüz axı,-Sevil dilləndi,-burda nə var ki?Evi təmir etmək istəyirlər,etsinlər də…Bu cür fürsəti əldən verərlər?
–Sevil,-Zəhra səsini qaldırdı,-mən bilən sənə söz verilmədi axı.Bayaq Xavərin də yanında məni pərt elədin.Kiçiksən otur kiçik yerində.Nə vaxt səndən məsləhət istəsələr,o zaman danış.
-Darıxma ana,-Arzu Zəhranı sakitləşdirməyə çalışdı,-o da bu ailənin üzvüdür.Sadəcə dəcəldir,hövsələsi,səbri çatmır,-bacısına baxıb gülümsədi,-bir gör dünəndən bəri nə qədər çalışıb.Qaldı….təmir məsələsinə…fikir çəkmə.Mən həqiqətən də bu barədə çox düşünürəm,bir qədər vəsait də toplamışam.Yaxın günlərdə yeni layihə ilə bağlı yüksək məbləğdə pul mükafatı da gözlənilir.Zənnimcə çox dəbdəbəli olmasa da,orta təmirə başlaya bilərik.Nələrə gücümüz çatarsa,yeniləyərik.Həmin müddətdə təbii ki,müvəqqəti olaraq başqa mənzildə yaşamalıyıq.Məncə…Xavər xanımın təklifini qəbul etmək olar.
-Olar…özü də lap yaxşı olar,-Sevil stəkanları yığıb mətbəxə keçdi,-elə bil dünya dağılacaq.Başqası olsa sevincindən papağını göyə atar.
-Nə deyirəm bala,-necə məsləhətdir,elə də olsun.Təki hər şey sənin ürəyincə olsun,anaya başqa nə lazımdır?,-Zəhra Arzunu qucaqlayıb bağrına basdı,-onlar da sağ olsunlar ki,bizi düşünürlər.Dost-tanış içində,qonaq-qara yanında sıxılmağımızı istəmirlər.Nə deyim….hər işin xeyirlisi….
Arzu da anasının boynunu qucaqladı:
-Darıxma ana,hər şey yaxşı olacaq.Özün görəcəksən.Bircə sən fikir cəkmə.
Xavər evə yaxşı əhval-ruhiyyədə qayıtdı.Sanki çiyinlərindən ağır yük götürülmüşdü.Çingizlə söhbət etməyə tələsirdi.
Telefon zəng çaldl.Çingiz idi.
-Salam ana.Necəsən?Hər şey yaxşıdırmı?
-H…hə…yaxşıdır.Sənə deyiləsi sözlərim var.
-Mən işdən sonra yubanacam ana.Xaricdən qonaqlarımız var.Vacib sözün varsa elə telefonda de.
-Belə tələm-tələsik nə deyim?Bircə onu deyə bilərəm ki,-gülümsədi,-çox yaxşı ailəyə rast gəlmişik oğul.
-Onu bilirəm,-Çingiz düldü,-ardını de.
-Kasıb olsalar da mərddirlər.Heç kimə boyun əymirlər.
-Sonra.
-Sonra…sənin təklifini çatdırdım.Zəhranı razı sala bilmirdim.Arzu köməyimə gəldi.Dedi təmirə başlamaq üçün əlində müəyyən qədər pul var.
-Ay səni Arzu,-Çindiz ucadan güldü,-kürəyini yerə vurmur.Lap yaxşı,əsas onları o evdən köçürməkdir.Yerdə qalan məsələləri özüm həll edəcəyəm.
-Hə,mən də elə düşünürəm.Burda da onlar üçün pis keçməz.Elə…sizinçün də…
–Yaxşı ana,çox sağ ol.Gələn var.Söhbətimizi evdə davam etdirərik.
-Yaxşı oğlum.Salamat qal.Öpdüm.
-Mən də.
Xavər dəstəyi yerinə asıb məmnunluqla gülümsədi.Otağa keçib divana əyləşdi.Başını arxaya söykəyib gözlərini yumdu.Xəyalında Çingizin toyu canlandı.Arzu ağ gəlinlik libasında necə gözəl idi…Çingiz ona necə məhəbbətlə baxırdı….

ARDI VAR.

Govher Rustamova
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts