Bu deyişməni, eşitdiyimə görə Masallı toyunda aşıqlar oxuyublar, amma müəllifliyi də öz adlarına çıxıblar.

 

Deyişmə

Dadruz Rəşidoğlu:
Yadıma düşəndə inan, hər zaman,
Könlümün gözündən duman, çən keçər.
Məcnun səni görsə əzizim, inan,
Dəlisi olduğu Leylidən keçər.

Dəstəgül Zamanlı:
Leylinin eşqiydi, bir məcnun edən,
Qeys, onsuz səhranı dolaşardımı?
Kiminsə xətrinə keçmək Leylidən,
Məcnunun adına yaraşardımı?

Dadruz Rəşidoğlu:
Buludlar toqquşar, aləm sellənər,
Çaylar haray salar, coşar, tellənər.
Mənisə bürüyər sənsiz qəm, kədər,
Hicran, gözlərimdən ötər, qəm keçər.

Dəstəgül Zamanlı:
Dağların başında qar olmasaydı,
Buludun gözləri qaralmasaydı,
Məgər qovuşmağa “Yer” olmasaydı,
Bulaqlar çaylara qovuşardımı?

Dadruz Rəşidoğlu:
Gəlmək istəyirdim Şirvan elinə,
Tamaşa eyləyim, durna telinə.
Əlimi uzadam, çatsa əlinə,
Ayna camalından mənə şəm keçər.

Dəstəgül Zamanlı:
Göz üstə yerin var Şirvan elimdə…
Bir eşq çiçəkləyib, qara telimdə…
Olsaydı o eşqin əli, əlimdə-
Gözümdə həsrəti sayrışardımı?

Dadruz Rəşidoğlu:
Hələ də əlçatmaz, yaz ətrindəsən,
Kaman gözlərinin oxları şan-şan.
Atdığın oxlarla oxlanmışam mən,
Bəs mənim atdığım niyə yan keçər?

Dəstəgül Zamanlı:
Hər şair duymaz ki, bahar ətrimi,
Bilirəm, tutursan əziz xətrimi.
Əgər pozmasaydı xəzan çətrimi,
Atdığın oxların sovuşardımı?

Dadruz Rəşidoğlu:
Gəl, həsrətlə baxma ilk baharına,
Bilirəm, bağlısan sən öz yarına.
Gülüm, peşman olma yazdıqlarına,
Bu, şair sözüdür, səndən yan keçər.

Dəstəgül Zamanlı:
Sözdür şairlərin başının tacı,
Şairin dərdinin sözdür əlacı.
Əgər olmasaydı sözün möhtacı,
Şair də şairlə yarışardımı?

Dadruz Rəşidoğlu:
Sən demə, Zamanlı əjdaha imiş,
Sinəsi süxurlu, sal qaya imiş.
Qəlbi hikmət dolu bir düha imiş,
Bu qəlbdən dupduru bir ümman keçər.

Dəstəgül Zamanlı:
Qoy desin Zamanlı bir həqiqəti,
Ulu Şirvanından alıb cürəti.
Tanrı verməsəydi əgər hikməti,
Qəlbi ümman kimi hey coşardımı?

Dadruz Rəşidoğlu:
Bəlkə vurulmuşam, vətən gözəli,
Dərdindən olmuşam dəlidən dəli.
İnan, Rəşidoğlu səndən ötəri,
Məqamı gələrsə, canından keçər.

Dəstəgül Zamanlı:
Hayıf, Rəşidoğlu oldu məzəli,
Dərdindən sığmayır ağzında dili,
Düzdü, olmasaydı dəlidən dəli,
Belə havalanıb dolaşardımı?

Dadruz Rəşidoğlu:
Toxundum hissinə, könlün şad olsun,
Məndən sənə yalnız bir mehman çıxar.
Məndən küsər olsan,bil Rəşidoğlu,
Küsər öz-özündən, qəlbini sıxar.

Dəstəgül Zamanlı:
Bir eşqin nəfəsi yanağımdadır,
Adı, nəğmə kimi dodağımdadır.
Ürəyim tək onun sorağındadır,
Tək onun yoluna gözlərim baxar.

Dadruz Rəşidoğlu:
Zamanlı, bilirəm sədaqətini,
İntizar gözlərin qoy yorulmasın.
Mən şərik oluram arzularına,
Gözləyən gözlərin yolda qalmasın…

Destegül Zamanlı
www.kafiye.net