Kədər

Qəmə kökləmişəm simlərimizi,
Yastığım olacaq kədərin dizi.
Biz ki, çox sevirdik, bir-birimizi,
Bu gün, mən sənə təsəlliyəm, kədər.

İndi ki, başladıq hər şeyi başdan,
Büllur bulaqlar tək süzülən yaşdan,
Başıma göylərdən ələnən daşdan,
Yerdəki evimsən, xəlinəm, kədər.

Deyirsən hardan tapdım, bu dəlini?
İtirib yaşın, unudub ilini,
Gözləmə buraxam sənin əlini,
Heç mən də, vəfasız deyiləm, kədər.

Hər mizrabda ahəng olan siməm mən,
Nəğməyə qoşulam, qəlbə enəm mən,
Guya özüm bilirəmmi, kiməm mən?
Səni tanıyandan zəliləm, kədər.

Qapındı Rəhimlinin tək ünvanı,
Qoy önündə axsın, tökülsün qanı,
Mənə sənin tək vəfalı yar hanı?
Düşünmə sevincə əyiləm, kədər.

Müəllif: Aygün Rəhimli
www.kafiye.net