SƏN QAPIMI GƏLİB DÖYSƏN,GİZLİCƏ
Sən qapımı gəlib döysən,gizlicə,-
Bir gecə yarısı,ya axşam,səhər,
Sınıq ürəyimdə,qəmli gözümdə
Həyat şirinləşər,dünya dəyişər.
Sən qapımı gəlib döysən,gizlicə,-
Fikirlər beynimdə at çapdığında,
Xəyalım gülşəndə gəzib,gül dərər,
Nə qalmaz bir ağrım,sinə dağım da.
Sən qapımı gəlib döysən,gizlicə,-
Ən çətin anlarda,ən dar zamanda,
Görüb də üzünü,olub da xürrəm,
Day,bilmərəm,necə keçir zaman da…
Sən qapımı gəlib döysən,gizlicə,-
Görməyəndə aynada öz-özümü,
Vallah,görüb,tükü-tükdən seçərəm,
Sənə verib gülüm, iki gözümü.
Sən qapımı gəlib döysən,gizlicə,-
Əsib-titrəyəndə əlim-ayağım,
Bir baxışın,bircə sözün yetər ki,
Dönsün gücüm,olsun tabım,dayağım.
Sən qapını gəlib döysən,gizlicə,-
Ölüm yatağımda,son nəfəsimdə,
Olub əlbəyaxa Əzraillə də,
Qayıdar nəfəsim,eşq həvəsim də…
…Gecə də,gündüz də,yuxularda da
Yaşayıram bu ömrü mən beləcə.
Ah,gülüm,nə olar,bir gün qəfildən
Sən qapımı gəlib döysən,gizlicə!..
MƏZAHİR İSGƏNDƏR





