Gülqədəm Mirzəzadə



            Gülqədəm  Abdulalı qızı Mirzəzadə, 20 may 1968-ci il tarixdə  Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuşdur.

Əmək fəaliyyətinə 1987-ci il tarixdə Neftçala Qarışıq Ticarət idarəsində mühasib kimi başlamışdır. 1999 – cu il tarixədək həmin idarədə  insan resursları üzrə müfəttiş və  baş mühasib vəzifələrində çalışmışdır. 2001- 2008-ci illərdə  Neftçala rayonu İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mühasibi, 2008 –  2012-ci illərdə  Neftçala Poçt Filialında Müştəri Xidmətləri şöbəsinin müdiri işləmişdir. 2012 –  2016 –cı illərdə

Neftçala rayonu İcra Hakimiyyəti başçısının Xıllı qəsəbə  inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Neftçala rayonu İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifələrində çalışmış, Dövlət Qulluğunun II dərəcəsini almışdır. 2015- ci ildən hal- hazıradək Neftçala Qadın Resurs Mərkəzinin  koordinatoru, eyni zamanda  « Neftçalada Qadınların Sosial İnkişafına Dəstək » İctimai birliyinin sədri vəzifəsində çalışır. 2020- ci ildə Aşağı Qaramanlı bələdiyyəsinin üzvü seçilmiş, 2022-ci ilin fevral ayınadək bələdiyyə  sədri işləmişdir.

Hal-hazırda Neftçala rayonunda Vətəndaş Cəmiyyətində təmsil olunur. 6 yerli, 2 Beynəlxalq layihənin müəllifidir. Layihələrdə layihə rəhbəri kimi fəaliyyət göstərmişdir. İcra etdiyi layihələr kənd və rayon  qadınlarının və gənclərinin iqtisadi  və sosial  həyatda iştirakının təşviqinə hədəflənmişdir. Ali təhsillidir. Hal-hazırda Türkiyə Cümhuriyyəti, Ardahan Universitetində magistr pilləsində təhsilini davam etdirir.

Biliklərini təkmilləşdirmək üçün müxtəlif təlimlərdə iştirak edərək sertifikatlarla təltif olunmuşdur. Əmək və Sosial Münasibətlər Akademiyasında « Karguzarlıq » , Training & Development Academydə  « Insan resurslarının idarə edilməsi », Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə icra olunan layihələr çərçivəsində « Təlimçi, təlimçilərin hazırlanması üzrə təlimlərin keçirilməsinin təşkilatçısı »,  “Gender bərabərliyinə əsaslanmaqla Dayanıqlı İnkişaf Proqramının həyata keçirilməsi məqsədilə vətəndaş cəmiyyəti layihələrinin hazırlanması” , « Genderyönümlü məlumatların toplanması və təhlil olunması », « Sahibkarlıq və biznesin inkişafı », « Peşəkarlıq və liderliyin inkişafı », « Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları », « Tvinning- təlimçilərin təlimçisi », « Fəaliyyətdə liderlik » , Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının « Layihələrin yazılması təlimi » təlimlərində iştirak etmiş və sertifikatlarla təmin olunmuşdur.

2022-ci il tarixdə Dublin Universitetinin Türkiyə psixoloqlarının vasitəsilə təşkil etdiyi « Ailə və sosial həyat », « Ailə məsləhətləri » və « Davranış terapiyası » təlimlərində iştirak etmiş və sertifikatla təmin olunmuşdur.

Yazıçı, şair və bəstəkardır.

« Səmavi » , « Bayraqlı evlər » və « Buludların göz yaşı » adlı  üç kitab müəllifidir. Hekayə, esse və şeirləri « Türk Dünyası ŞİİR Seçkisi » antologiyalarında,  « Gündoğar », « 525- ci qəzet », « Ədəbiyyat » , « Kredo » qəzetlərində, « Vətəndaş Cəmiyyəti » jurnalında,  publisistik yazıları  «Milli Strategiya », « Xoşməramlı Səfir », « Qalibiyyət və Zəfər », « Pressdent » jurnallarında dərc olunmuşdur. Vətən və Vətənin qəhrəmanlarından bəhs edən « Bayraqlı evlər » kitabı Türkcə nəşr olunmuş və Prezident kitabxanasına təqdim edilmişdir.  Müəllifi olduğu «Günahsızlar » adlı elegiyası səhnələşdirilmişdir. Cəmiyyətin sosial problemini ehtiva edən « İntihar çarə deyil »  filminin müəllifidir. Şeirlərinə özü və müxtəlif bəstəkarlar tərəfindən mahnılar bəstələnmişdir. Vətənpərvər mövzuda on mahnının söz və musiqi müəllifidir.

        Azərbaycan Yazıçılar Birliyinin, Türkmən Ədəbiyyat və Yazarlar Birliyinin üzvüdür. ASKEF ( Avrasiya Sanat Kultur Edeviyyat Federasyonu) Neftçala təmsilçisidir

       Prezident təqaüdçüsüdür. Azərbaycan Respublikası Prezidentinin 07 mart 2022-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalına, AHİK sədrinin müvafiq sərəncamı ilə “Həmkarlar ittifaqında xidmətə görə” medalına layiq görülmüşdür.  « Qızıl qələm » və « Səməd Behrəngi » ədəbi mükafatı laureatıdır.

       Ailəlidir, yoldaşı Mirzəyev Abduləzim Qabil oğlu 2020-ci il tarixdə vəfat etmişdir.

       Oğlu, Mirzəyev Asif Abduləzim oğlu, 1989- cu il təvəllüdlüdür, MTN Akademiyası, inzibati idarəetmə fakultəsini  bitirmişdir.  Kapitan rütbəsi ilə ixtisasına uyğun Vətənə xidmət edir.

       Qızı. Fərhadova Gülnar Abduləzim qızı, Azərbaycan Dövlət Pedaqoji Kollecinin « İngilis dili müəllimi » fakultəsini bitirmişdir. Hal-hazırda Anadolu Universitetinin « İctimaiyyətlə əlaqələr və reklam işi» fakultəsində təhsilini davam etdirir, Milli Azərbaycan Tarixi Muzeyində mütəxəssisdir.



YARIM QALAN SEVDALAR

Sənə elə vurulub
elə sevdalanmışdım,
gözlərində alışıb
baxışında yanmışdım.


Mənimçün bu dünyada
hər bucağın, hər küncün
səninləydi günahı
səninləydi sevinci…


Ömrə yazılan günün
hər anını böldüyüm,
pəncərəmdə sabahım,
taleyimdə bir incim…


Gedişinlə uçurdun,
yıxdın qəlb sarayımı.
Vədlərini unutdun!
duymadın harayımı…


Sənsiz yaşamaq zülüm
baxdığım hər yerdə Sən!
sızlayır ayım, ilim,
əbədi qəlbimdəsən.


Nə qədər “sus” deyirəm
könlüm söz dinləmir ki,
elə fəryad qoparır
elə haray çəkir ki!..


Həsrətinin yanğısı
yeri, göyü əridir!
Gecələrim yuxusuz,
Gözlərim dan yeridir…


Zülmət qapısındayam
qaranlıqdı şəhərim!
Çıx Günəş, sökülsün dan,
üzü gülsün səhərin…


Bağlayaq yollarını
gəlməsin əlvidalar…
unudulmur könüldə
yarım qalan sevdalar!

Gülqədəm Mirzəzadə
www.kafiye.net